İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Tarixdə izi və sözü olan Cəmo bəy Cəbrayılbəyli!
Bu gün onun doğum günü, anadan olmasının 139-cu ildönümüdür.
Cəmo bəy Cəbrayılbəyli 29 yanvar 1887-ci ildə Şamaxı şəhərində anadan olub. Atasını erkən itirib. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxuyub. O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını alıb. 1919-cu ilə kimi Şamaxıda müəllim işləyib.
1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılıb. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli olub. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlayıb.
Tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutub. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli olub. O illərdə texnikum təkcə Azərbaycan üçün deyil, Orta Asiya və Dağıstan respublikaları üçün də pedaqoji kadrlar hazırlayıb.
Yavər Kələntərlini ailəvi məclislərdə çox zaman Cəmo Cəbrayılbəyli müşayiət edib. Yavər Cəmoya baxıb gülümsünəndə, o dərhal tarını götürüb, Yavər xanımın yanında əyləşib. Yavər "Segah" üstə "Leyli və Məcnun" poemasından bir qəzəl oxumağa başlayan kimi, məclis sükuta qərq olub. Yavər oxuyub-qurtaran kimi məclisi alqış sədaları bürüyüb. Onun ünvanına təriflər yağmağa başlayıb.
Sonra Cəmo yenidən tarını sinəsinə basıb. "Kəsmə- Şikəstə"yə başlayıb Yavərə baxıb. Araya sükut çöküb. Yalnız tarın həzin sədaları altında Yavərin ürəkyandıran "Kəsmə-Şikəstə"si eşidilib. O gecə, həmin məclisdə qərara gəliblər ki, tezliklə Maarif evində keçiriləcək tədbirdə Yavər Kələntərli də çıxış etməlidir. Gənc (əslində riyakar) sovet dövlətinin məktəb-maarif məsələlərində, az qala, inqilab elan etdiyi günlər idi.
Müəllimlərin sözü hər yerdə keçib. Başının ağrımasını istəməyən Xudaverdinin də razılıq verməkdən başqa çarəsi qalmayıb. Elə oradaca əlüstü müsamirədə Yavər Kələntərlini müşayiət edəcək musiqiçilər də müəyyənləşdiriliblər. 1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
O gecə Yavər "Mahur-hindi" muğamını ifa edib. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət ediblər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət görüb. "Cəmo bəy" təxəllüsü ilə bəzi şeirlər yazıb.
Əsərləri
- Tarixi-təbii (İnsan, Heyvanat).
- Heyvanat dərsləri (birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır)
- Təbiətə ilk addım (birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır)
- Müxtəsər nəbatat (birinci dərəcə məktəblərə görə yazılmışdır)
- Təbiəti öyrən
- Heyvanat dərsləri (birinci dərəcəli məktəblər üçün)
- Heyvanat dərsləri (əmək məktəbləri üçün tədris və pedaqoji kitabları)
- Müxtəsər nəbatat (əmək məktəbləri üçün tədris və pedaqoji kitablar)
Cəmo bəy 30 iyul 1965ci ildə vəfat edib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımlıdır
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


