İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan muğam sənətinin parlaq simalarından biri - xalq artisti İslam Rzayev! Özü dünyadan köçsə də misilsiz ifaları qalıbdır. Dönə-dönə dinləyir, o səsin sehrindən feyziyab oluruq.
Ürkək baxışına, xoş görüşünə,
Zərif gülüşünə, verrəm dünyanı...
Mahnıya necə ürək qoymaq bax elə bu mahnıda özünü bariz göstərir...
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olub. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olub. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda alıb.
Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənib. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb, sənətini təkmilləşdirib. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olub, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıblar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb.
Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilib. Bir sıra mahnılar da bəstələyib.
Onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edən, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa edib.
Filmoqrafiya
1. Azərbaycan elləri
2. Bakı bağları. Türkan
3. "Hacı Mail" nağılı...
4. Havalansın Xanın səsi
5. Sevil
6. Şur
7. Yenilməz batalyon
8. Yorulmamışam. Rövşən Behcət
Mükafatları
1. Azərbaycan SSR əməkdar artisti
2. Azərbaycan SSR xalq artisti
3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
4. "Şöhrət" ordeni
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.01.2026)


