Şirmayi dillərə həyat verən unudulmaz sənətkar Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Bir də, barmağı hərəkətə gətirən ürək əsas şərtdir. Cümlə nədir? Bitmiş bir fikri ifadə edən bir və ya bir neçə sözdən ibarət söz birləşməsi... Qarmonda da gərək cümlə olsun. Yoxsa olacaq "qart-qurt" (Aftandil İsrafilov)

 

Bu gün Azərbaycan musiqi xəzinəsinə həm ifası, həm də bəstələri ilə incilər bəxş edən Xalq artisti Aftandil İsrafilovun doğum günüdür.

Görkəmli qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

 "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib.  1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində müxtəlif ölkələrdə silsilə konsertlərdə çıxış edib.

Nağıllarda olduğu kimi ona verilən buta – fitri istedadı ustad sənətkarı ölkəmizin hüdudlarından kənarda da tanıdıb. O vaxtilə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə respublikanı ləyaqətlə təmsil edib.

 "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003

- "Dağıstan Respublikasının xalq artisti" fəxri adı — 22 aprel 2008

- "Şöhrət" ordeni — 25 yanvar 2016

 

Filmoqrafiya

- Ad günü (film, 1977)

- Məhəllə (film, 2003)

- Məhəllə 2 Moskvada (film, 2004)

- Xalq təranələri (film)

 

Aftandil İsrafilov səhhəti ilə bağlı 2 dekabr 2022-ci ildə reanimasiya yerləşdirilib. 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb. 29 aprel 2023-cü ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.