Sazda, sözdə, nəğmədə 20 Yanvar faciəsinin fəlsəfəsi Featured

İlhamə Qəsəbova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

20 Yanvar 1990-cı il hadisələri Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ən faciəli və eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu hadisə təkcə siyasi tarixdə deyil, həm də xalqın mədəni yaddaşında dərin iz buraxmış, xüsusilə folklor, poeziya və musiqi yaradıcılığında özünəməxsus şəkildə ifadə olunmuşdur. Xalq sənətinin əsas daşıyıcıları olan saz, söz və nəğmə 20 Yanvar faciəsinin kollektiv yaddaşda yaşadılmasında mühüm rol oynamışdır.

 

Folklor milli yaddaşın ən davamlı və çevik formalarından biridir. 20 Yanvar hadisələrindən sonra ağılar, bayatılar, mərsiyələr və dastanvari mətnlər xalq arasında geniş yayılmışdır. Bu nümunələrdə əsas ideya şəhidlik, vətənpərvərlik və azadlıq uğrunda qurban anlayışları üzərində qurulmuşdur. Məsələn, xalq arasında dolaşan bayatılardan birində deyilir:

 

Zülm ərşə dayandı,

Yer-göy oda qalandı.

Meydançalar, küçələr

Qızıl qana boyandı.

 

 Yaş axıdan göz oldu,

Dərdimiz dəniz oldu.

 Bir gecənin içində

 Şəhidlər yüz-yüz oldu.

 

 Necə dözək zillətə?

Zülm etdilər millətə.

 Neçə-neçə başkəsən

Dolmuşdu məmləkətə.

 

Bakı-Sumqayıt yolu

 Ağır tanklarla dolu.

Allaha üz tuturdu

 Hamı başıalovlu.

(Vəkil Ə. İyirmi yanvar bayatıları // Respublika. – 2009. – 20 yanvar)

Bu dördlükdə zaman və məkan anlayışı faciənin simvoluna çevrilir, şəhidlik isə azadlığın təməl şərti kimi təqdim olunur. 20 Yanvar faciəsi müasir Azərbaycan poeziyasında geniş əksini tapmışdır. Şairlər bu hadisəni həm emosional, həm də fəlsəfi prizmadan dəyərləndirmiş, şəhid obrazını milli müqavimətin simvolu kimi təqdim etmişlər. Aşıq sənəti Azərbaycan xalqının tarixi hadisələrə münasibətini ən operativ və emosional şəkildə ifadə edən sənət sahələrindən biridir. 20 Yanvar faciəsi aşıq yaradıcılığında yeni mövzuların və improvizə xarakterli ağıların yaranmasına səbəb olmuşdur. Aşıqlar tərəfindən səsləndirilən qoşma və gəraylılarda sazın səsi kədər, etiraz və qürur hisslərini birləşdirir. Məsələn:

 

Sazım ağlar, telim yanar,

Bakı gecə qan içində.

Şəhid olan oğullarım

Qaldı Vətən and içində.

Bu nümunədə saz bir musiqi aləti olmaqdan çıxaraq kollektiv kədərin səsinə çevrilir.

Aşıq sənəti Azərbaycan xalqının tarixi yaddaşını yaşadan və mühüm ictimai-siyasi hadisələrə dərhal reaksiya verən ənənəvi sənət sahələrindən biridir. Bu baxımdan 20 Yanvar faciəsi aşıq yaradıcılığında, xüsusilə də Aşıq Ələsgər məktəbinin ideya-estetik davamçıları olan müasir aşıqların repertuarında xüsusi yer tutur. Aşıq Ələsgər yaradıcılığında Vətən, torpaq, igidlik və haqq-ədalət ideyaları əsas xətti təşkil edir. Onun poeziyasında formalaşmış mənəvi-estetik model XX əsrin sonlarında baş verən 20 Yanvar faciəsinin aşıq düşüncəsində qavranılmasına ideya zəmini yaratmışdır. Müasir aşıqlar bu faciəni Ələsgər ənənəsinin ruhuna uyğun olaraq şəhidlik və mənəvi ucalıq kontekstində təqdim etmişlər. Aşıq Şəmşirin yaradıcılığında xalqın taleyi və tarixi ağrı əsas mövzulardan olmuşdur. Onun poetik dünyagörüşü 20 Yanvar hadisələrinə həsr olunmuş ağı və qoşmalarda aydın şəkildə hiss olunur. Aşıq sənətinin improvizə xarakteri bu faciənin emosional yükünü daha təsirli ifadə etməyə imkan vermişdir.

Aşıq Ədalət Nəsibov, Aşıq Kamandar Əfəndiyev, Aşıq Kərəm Nəsibov, Aşıq İmran Həsənovun, Aşıq Sadıq Avdıoğlu, şair Həvəskar, Aşıq Şadət Gülməmmədov, Aşıq Cahangir Quliyev və. s  kimi sənətkarlar ifalarında 20 Yanvar hadisələrinə həsr olunmuş ağı və qoşmaları ilə seçilirlər. Bu nümunələrdə sazın səsi həm yas, həm də milli qürur hissini eyni anda ifadə edir. Aşıqların ifa etdikləri 20 Yanvar ağılarında Bakı şəhəri milli faciənin mərkəzi kimi təqdim olunur: Sazım ağlar, telim yanar, Bakı gecə qan içində. Şəhid olan oğullarım Qaldı Vətən and içində. Bu misralarda saz yalnız musiqi aləti deyil, kollektiv dərdin və milli etirazın daşıyıcısı funksiyasını yerinə yetirir.  Aşıq Ələsgər ənənəsi zəminində formalaşan müasir aşıq yaradıcılığında 20 Yanvar faciəsi təkcə tarixi hadisə kimi deyil, milli kimliyin və azadlıq ideyasının poetik simvolu kimi yaşadılır. Aşıq Kərəm Nəsibovun “Sazım Ağlar” şeiri də bü müqabildən yazılıb.

 

Dağlarımı çən alıbdı,

Ağla, telli sazım, ağla.

Ürəyimi qəm alıbdı,

Ağla, telli sazım, ağla.

 

Kim susdurdu haq səsini,

Kim söndürdü həvəsini.

Çəkəcəkdi cəfasını,

Ağla, telli sazım, ağla.

 

Qışa döndü bahar, yazım,

Qəfil söndü xoş avazım.

Şəhid oldu oğlum, qızım,

Ağla, telli sazım, ağla.

 

Şəhidlərin havasını,

Qoşa tutaq gəl yasını.

Dəyişək toy libasını,

Ağla, telli sazım, ağla.

 

Bəd xəbəri aldım səhər,

Ürəyimi boğdu qəhər.

Ana vətən ümid dilər,

Ağla, telli sazım, ağla.

 

Aşıq Kərəm buna inan,

Ayazlayar bu çən, duman.

Bir gün gülər Azərbaycan,

Çağla, telli sazım çağla.

(İ. Qəsəbova. XX əsr Qazax aşıqları və el şairləri).

20 Yanvar faciəsindən qabaq Aşıq Kərəm Nəsibov yaxın dostu Bayram Bayramovun yeganə qızının toy mərasiminə dəvət alır. Toyda iştirak etmək üçün 1990-cı il 19 yanvar günü dünyadan xəbərsiz Bakıya yola düşür. 20 yanvar günü sabahı gözünü qanlı faciəsinin canlı şahidi olaraq açır. O gecə Bakı al-qana boyanmışdı.

Ustad Aşıq Sadıq Avdıoğlunun  Layla” Gəraylı- ağısı onu göstərir ki, bu faciə kişilərimizə də dil açdırıb Şəhidlər üçün layla dedizdirib. Təəssüf olsun ki, dünyaya gəlişimizdən ilk düyduğumuz Ana laylası olur, son mənzilə yola salınanda da anaların “yayla”sı dilə gəlir.

 

Haqq yolunda qurban gedən,
Layla şəhidlərim layla!
Gənc ömrünü fəda edən,
Layla şəhidlərim layla!
Neçə igidlərim layla!

Ətdən hasar, çəpər çəkən,
Tanqa qarşı sipər çəkən,
«Haqq» deyibən nələr çəkən,
Layla şəhidlərim layla!
Ölməz igidlərim layla!

Namərdin sözünnən olan,
Gülləsi gözündən olan,
Yağısı özünnən olan,
Layla şəhidlərim layla!
Mənim igidlərim layla!

Qara gözlü, qara qaşlı,
13 yaşlı, 15 yaşlı,
Bizi qoyan gözü yaşlı,
Layla şəhidlərim layla!
Körpə igidlərim layla!

Kimin bunda var günahı,
Anaların tutsun ahı,
Vətənimin xoş sabahı,
Layla şəhidlərim layla!
Gözəl igidlərim layla!

Unudulmaz dərdə sarımız,
Yas içində hər birimiz,
Ey müqəddəs and yerimiz

Layla şəhidlərim layla!

Dönməz igidlərim layla!

 

Qara gəldi qışım, yazım,

Qara geydi oğlum, qızım,

Matəmdədir telli sazım,

Layla şəhidlərim layla!

Qorxmaz igidlərim layla!

 

Acılar bir sirr də qalmaz,

Şər danışan, şər də qalmaz,

Heç nahaq qan yerdə qalmaz,

Layla şəhidlərim layla!

Cavan igidlərim layla!

 

Dilimizdə bir «Azadlıq»,

Görmədiniz heç rahatlıq,

Necə dözsün aşıq Sadiq,

Layla şəhidlərim layla!

Hayıf igidlərim layla!

Haqqa şəhidlərim layla!

 (İ. Qəsəbova. XX əsr Qazax aşıqları və el şairləri.)

Yas motivi aşıq poeziyasının ən qədim və davamlı mövzularındandır. Bu motiv əsasən: ölüm və itki, (övlad, el, vətən), ictimai fəlakət, qırğın, müharibə, faciə, mənəvi sarsıntı və haqsızlıq üzərindən formalaşır. Aşıq poeziyasında yas fərdi kədərdən çıxaraq kollektiv dərd səviyyəsinə yüksəlir. Aşıq öz şəxsi ağrısını xalqın ümumi ağrısına çevirir. “Sazım ağla” şeirində yas motivi 20 Yanvar faciəsi ilə bilavasitə bağlıdır və aşağıdakı cizgilərlə seçilir. Burada  Saz ağlayan subyektə çevrilir.  Aşıq poeziyasında saz adətən sözün daşıyıcısı, haqqın səsi, sevinc və toy rəmzidir. Lakin yas mətnlərində də saz ağlayan,  yas saxlayan, kədərin dili olan varlığa çevrilir. Aşıq Ələsgərin yas şeirlərində, Aşıq Şəmşirin elegiyalarında, eləcə də Qurbani və Abbas Tufarqanlıda müşahidə olunur.

 Şəhidlik və kollektiv yas “Şəhid oldu oğlum, qızım” deyilməklə fərdi ailə dərdini aşaraq: bütün millətin övlad itkisini simvolizə edir. Aşıq poeziyasında şəhid: vətən yolunda ucalan obraz, yasla qürurun vəhdəti kimi təqdim olunur. Qarabağ mövzulu aşıq şeirlərində, klassik dastanlarda (məs., “Koroğlu”) qəhrəman ölümü səhnələrində öz əksini tapır. Klassik ənənədə yasdan ümidə bir keçid mərhələsi var. Şeirlərin sonunda daim ümid işçiği yanır. Yas motivi ümid motivi ilə tamamlanır.

 “Bir gün gülər Azərbaycan”

“Çağla, telli sazım çağla”

Bu xüsusiyyət aşıq poeziyası üçün səciyyəvidir: yas ümidsiz sonluq deyil, milli dirəniş və gələcəyə inamla bitir. Aşıq Ələsgərin vətənpərvər qoşmalarında, Aşıq Şəmşirin milli ruhlu şeirlərində müşahidə olunur. Saz həm də dərdi dilə gətirən, ağlayan, sızlayan, yas saxlayandır. Bəlkə də ona görə saza həmdəm, həm qəm deyiblər.

“Sazım ağla” şeiri aşıq poeziyasında yas motivinin klassik forma və simvolika ilə, lakin müasir tarixi faciə kontekstində təqdim olunan uğurlu nümunəsidir. Aşıq yaradıcılığında 20 Yanvar facisəsinə həsr olunmuş şeirlər həm 20 Yanvarın poetik salnaməsi,həm də aşıq poeziyasında yasın davamlılığını sübut edən sənət əsəridir.  20 Yanvar faciəsi sazda, sözdə və nəğmədə Azərbaycan xalqının milli yaddaşının ayrılmaz hissəsinə çevrilmişdir. Folklor nümunələri, poeziya və musiqi əsərləri bu faciəni tarixdən mədəni yaddaşa daşıyaraq gələcək nəsillərə ötürür. Sazın səsi, sözün gücü və nəğmənin təsiri ilə 20 Yanvar şəhidlərinin xatirəsi yalnız keçmişin ağrısı deyil, həm də milli kimliyin və azadlıq ideyasının daimi rəmzi kimi yaşayır.

Azərbaycan poeziyasında şeirin ruhu 20 yanvar faciəsindən sonra dəyişdi. Sanki ədəbiyyatın məğzi, şairlərin qələmi rəngi dəyişdi. Azərbaycanın bütün qələm tutan söz sənətkarları bu faciəyə biganə qalmadılar, qələmə sarıldılar. Xalq şairi Bəxtiyar Vahabzadə də qəlbinin acısını, gözünün yaşını qələmə sarılaraq sözlərdən süzdü. Bəxtiyar Vahabzadənin 20 Yanvara həsr olunmuş misralarında xalqın qəzəbi və mənəvi ucalığı paralel şəkildə ifadə olunur:

 

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.


Bəxtiyar Vahabzadənin 20 Yanvar Şəhidlərinin həqiqət uğrunda ölümlıriylə ölümü kamına çəkdiyini qeyd edir. Şair bu ağrının, acının, bu faciənin içində Kütlənin xalq müqaviləsinə qanla “qol” məkildiyini yəni imzalandığını aşagıdakı misralarda belə ifadə edir:

Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

Bu misralarda şəhid qanı passiv kədər yox, aktiv mübarizə çağırışı kimi təqdim edilir. Poeziyada qan motivi burada milli oyanışın rəmzinə çevrilir. Bu ağrılara dözməyə şair Qabil Şəhidlərə mərsiyə yazdı. O göstərdi ki, Azərbaycan xalqı ellinliklə yas mədəniyyətini ortaya qoymağı bacardı.

 

Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!


Şair Qabil fəryad qoparır. O bu ağrılara acılara dözmür. Ümumilikdə 20 Yanvar faciəsi Azərbaycan kişisini də dilə gətirdi, onlar da Şəhidlərimizə “ağı” söylədilər, “Layla dedilər”. Şair Qabil “Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;” desə də sonrakı bənddə Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz” deyir. Bəli doğurdan da ölmədi Şəhidlərimiz.


Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Şeirin sonunda şair sanki günümüzü ifadə edərək yazır ki:

 

Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

1990-cı ildə qəlinə qələm alan bütün qələm sahibləri ən çox da kişi yazarlar sözlərini qələmlə deyə bilirdilər. Onlar ürəklərini dağıdan bu faciəyə biganə qala bilməzdilər. Qalmadılar da.  Əfrahim Hüseynlinın yaradıcılığında “Bu zülm də varmış bəxtində yurdun” deyərək yurdun bəxtindən, taleyindən şikayət edir:

 

 “Qardaş” sandığımız bir tələ qurdu,
Çağrıldı “xilaskar”, o “şanlı ordu”.
Al qana boyadı bu doğma yurdu,-
Bu doğma şəhəri, kəndi… xəbərsiz.

Tanrı dönmüşdüsə aman yerinə,
Bəndə yer qoymadə güman yerinə.
Bu yurdun üstünə duman yerinə
Güllərər ələndi, endi xəbərsiz.

Nahaqq “haqq”a dönüb yolunu azdı,-
İnsafın, mürvətin qəbrini qazdı.
Namərdlər bu yurdu adına yazdı;
Sel yuyub apardı bəndi xəbərsiz.

20 Yanvar hadisələrinə həsr olunmuş mahnılar və instrumental əsərlər Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutur. Matəm intonasiyaları, muğam ladlarının kədərli çalarları və yavaş temp faciənin emosional yükünü dinləyiciyə ötürür. Xüsusilə segah və şur muğamlarının istifadə edilməsi musiqidə dərd və ümid paralelliyini yaradır. Aşıq havacatlarında “Yanıq Kərəm”, “Ruhani”, “Aşıq Şərili” kimi ifalarda şeirlər səsləndirilir. Bu nəğmələrdə şəhidlərin xatirəsi yalnız matəm yox, həm də milli qürur hissi ilə yad edilir.  Bu həm də folklorda kişi obrazının matəmdə rolunu göstərmiş olur.

 20 Yanvar faciəsi sazda, sözdə və nəğmədə Azərbaycan xalqının milli yaddaşının ayrılmaz hissəsinə çevrilmişdir. Folklor nümunələri, poeziya və musiqi əsərləri bu faciəni tarixdən mədəni yaddaşa daşıyaraq gələcək nəsillərə ötürür. Sazın səsi, sözün gücü və nəğmənin təsiri ilə 20 Yanvar şəhidlərinin xatirəsi yalnız keçmişin ağrısı deyil, həm də milli kimliyin və azadlıq ideyasının daimi rəmzi kimi yaşayır.

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.