Hətta Dmirti Şostakoviç də onun heyranı idi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tanınmış bəstəkar, Rusiya Federasiyasının Əmək qəhrəmanı, SSRİ-nin Xalq artisti Murad Kajlayev barədə danışmaq istəyirəm. O, bakılıdır.

Keçmiş İttifaqın musiqi sahəsində ad qoymuş bir ustad sənətkardır.

 

Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində anadan olub. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq olub. Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb.

Və onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul ediblər.

1949-cu ildə M. Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olub. O, təhsilini tanınan bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alıb.

SSRİ Bəstəkarlar İttifaqının Nizamnaməsinə görə hər bir bəstəkar Ali musiqi məktəbini bitirib, iki il sınaq yaradıcılığı mərhələsini keçir, sonra isə İttifaqa daxil olmaq haqqında ərizə vermək hüququnu qazanır.

Lakin istisna olaraq M. Kajlayev hələ tələbəlik illərində SSRİ Bəstəkarlar İttifaqına üzv qəbul olunub. Əlbəttə, bu onun çox böyük fitri istedadından və yazdığı əsərlərin yüksək səviyyəsindən xəbər verib.

Sonrakı illərdə o, Mahaçkalaya köçərək, öz bəstəkar həmkarları olan H. Həsənov, N. Daqirov və S. Ağababovla birlikdə Dağıstan Muxtar Respublikasında peşəkar bəstəkarlıq yaradıcılığının təməlini qoyur.

 

Dağıstanda yaşayarkən o, müəllimliklə də məşğul olub. M. Kajlayev Mahaçkalanın musiqi texnikumunda dərs deyib, vokal-instrumental ansambla rəhbərlik edib, 1957–63-cü illərdə Dağıstan radiosu simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, 1963–73-cü illərdə Dağıstan Bəstəkarlar İttifaqı idarə heyətinin katibi işləyib.

Nəhayət, 1989-cu ildən bu günümüzə qədər isə Moskvada Yuri Silantyev adına Akademik Böyük estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. M. Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən alıb.

M. Kajlayevin Rusiyanın Dövlət teleradio orkestri ilə ünsiyyəti 50 ildir ki, davam edib. Keçən əsrin 50-ci illərinin ortalarında orkestr ilk dəfə öz konsert repertuarına onun əsərlərini daxil edib və bu orkestr bəstəkarın əsərlərini ilk dəfə xarici ölkələrdə səsləndirib. Elə həmin illərdə də gənc bəstəkar bu tanınan kollektivi idarə etməyə başlayıb

15 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə M. M. Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib

Bakıda təhsil alarkən o, simli kvartet, fortepiano və skripka üçün kamera-instrumental əsərlər və "28 qəhrəman-Panfilovçular" simfonik poemasını yazıb. Bu əsərlər onun yaradıcılığında mühüm yer tutub.

M. Kajlayevin ən uğurlu səhnə əsərlərindən biri "Dağlar qızı" 1968-ci ildə Sankt-Peterburqun opera və balet teatrında tamaşaya qoyulub. Bu balet indi də onun 1984-cü ildə etdiyi ikinci redaksiyası ilə Sankt-Peterburq teatrında göstərilir və hər dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Məşhur Misir bəstəkarı Qamal Əbdül Rahim "Dağlar qızı" baleti haqqında: "M. Kajlayevin "Dağlar qızı" baletinin musiqisi ilə görüşüm məni valeh etdi. Bu musiqi milli klassik formanı özündə parlaq surətdə təcəssüm etdirir. Buna görə də onun emosional təsiri çox böyükdür. Dağıstan bəstəkarının baleti təkcə sovet tamaşaçısını deyil, bir çox ölkələrin, eləcə də mənim ölkəmin tamaşaçılarını valeh edir".

1960-cı illərdə zəmanəmizin dahi bəstəkarı Dmitri Şostakoviç o zaman gənc Murad Kajlayev və onun "Dağlar qızı" baleti haqqında aşağıdakı fikirlərini söyləyib:

"Onun musiqisində dinləyiciləri cəlb edən təkcə səs palitrasının rəngərəngliklə təsviri deyil, həmçinin milli temperament, teatrallıq, jestlər, mimika, rəqs hərəkətləri, dramaturgiyanın inkişafı prosesləridir. Onun anadangəlmə özünəməxsus yaradıcılıq naturası Kajlayevi məhz səhnəyə, musiqi teatrına, baletə bağladı. Elə bu məziyyətlərin nəticəsində Rəsul Həmzətovun poeması əsasında Dağıstanın ilk şedevr baleti yarandı".

 

Murad Kajlayev 23 dekabr 2023-cü ildə 92 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.