İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovetlər dönəmində estradamızda hədsiz parlayan bir ulduz idi Yalçın Rzazadə. Mahnıları sevilir, dillərdə gəzirdi. Mədəniyyət xadimlərinə olan hər cür qayğı ilə əhatələnmişdi. Amma 3-cü minillikdə yeni trendlərlə, yeni dəblərlə ayaqlaşa bilmədi. Hətta ömrünün sonlarında bunun xiffətini edirdi, jurnalistlərə tez-tez şikayətlənərdi. Ümumən, o çox istedadlı müğınni kimi adını yaddaşlara yaza bildi.
Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirib. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub və 1973-cü ildə həmin təhsil ocağını bitirib.
1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Maraqlı bir detal. Bununla yanaşı o, 2 dəfə karate üzre çempion olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olub.
Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayıb. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna – aktyorluq fakültəsinə gətirib çıxarıb. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olunub və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırıb.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayıb. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazıblar.
Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.
Bu illərdə Yalçın Rzazadə "Od içində" filmində baş rola – Əmir bəy roluna dəvət alıb. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə dəvət alsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib. Xalq artisti vəfat edənədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 80 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.12.2025)


