İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın mahnı sənətində şedevrlər az deyil, bu sırada bir mahnı da yer alıb – “Nə gəlməz oldun”. Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Oqtay Kaziminin bəstələdiyi bu mahnının yəqin ki Flora Kərimovanın ecazkar ifasında dinləmisiniz. Daha sonra Aybəniz Haşımova da çox mükəmməl ifa edibdir.
Qtay Kazımi 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub. Orta məktəbi Astarada bitirən Oqtay Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor–dirijorluq fakültəsinə daxil olub və Hacı Xanməmmədovun sinfində təhsil alıb. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələyib. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinfində təhsil alıb. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.
Sumqayıtda çalışdığı illərdə "Eksperiment" estrada orkestrini yaradıb. Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq–çalğı alətləri fakültəsində dərs deyib. Onun mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer alıb. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa ediblər.
Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş "Büllür sarayda", "Qılınc və Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus dram teatrında səhnələşdirilmiş "Şeyx Sənan", Kamera teatrında səhnəyə qoyulan "İtlər", Musiqili tamaşa teatrında səhnələşdirilən ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") operettaları dillər əzbəri olub, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib.
Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına və Prezident təqaüdünə layiq görülüb. Oqtay Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməyib.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən Xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat edib.
- Simfonik əsərlər
1. "Azərbaycan rapsodiyası", böyük simfonik orkestr üçün
2. Qəhrəmanlıq simfoniyası
3. "Bayram Uvertürası", böyük simfonik orkestr üçün
4. "Potetik simfoniya", sevimli müəllim Cövdət Haciyevə həsr olunur
5. "Sumqayıt Lövhələri", proqramlı simfonik süita
- Vokal-xor simfonik əsərlər
1. "Naməlum əsgər", sözləri İskəndər Coşqunundur
2. "Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında rekviyem", sözləri Ramiz Heydərindir.
3. "Yaşa Respublikam" kantatası, İki solist, xor və simfonik orkestr üçün, sözləri İskəndər Coşqunundur
4. "Vətənimin Əsgərləri", 416-cı Diviziya haqqında Böyük Vətən Müharibəsinin 35-ci ildönümünə həsr edilmişdir.
- Kamera-instrumental əsərləri
1. Fortepiano üçün 3 prelüdiya
2. 8-fuq fortepiano üçün
3. Orqan üçün fuqa
4. Fortepiano üçün 6 prelüdiya
5. Caz stilində 3 pyes, fortepiano üçün
- Estrada orkestri üçün pyeslər
1. "Bakı işığı"
2. Truba və orkestr üçün serenada
3. Tronbon və orkestr üçün noktürn
4. Estrada orkestri üçün ballada
- Xalq çalğı alətləri orkestri üçün əsərlər
1. Musiqi lövhəsi
2. Dörd hissəli süita
- Mahnılar
1. Məhəbbət, sözləri Cabir Novruzundur.
2. Sevənləri qoru dünya, sözləri Cabir Novruzundur.
3. Cavanlığım, sözləri Cabir Novruzundur.
4. Qara gözlüm, sözləri Cabir Novruzundur.
5. Sevgi qanadlarında, sözləri Cabir Novruzundur.
Filmoqrafiya
1. Abşeron ritmləri
2. Mahnı qanadlarında
3. Zınqırovlar
4. 1001-ci qastrol
5. Azərbaycan elləri
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.12.2025)


