İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
60-cı, 70-ci illərdə Bakıda bir caz rüzgarı əsirdi. Bakının gözəl günləri idi, milli intibah, mədəni yüksəliş hiss edilirdi. Ədəbiyyatda Anar, Vaqif Səmədoğlu, rəssamlıqda Tahir Salahov, Səttar Bəhlulzadə, musiqidə Tofiq Quliyev, Vaqif Mustafazadə...
Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da elə bu zaman gəlib. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış eləyib. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edib.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır.
Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilib. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdıb. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir.
O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görüb və orijinal bir janr ortaya çıxaran "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.
Yaradıcılığı
- 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı trio yaradır.
- 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır.
- 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edib.
- 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olub.
- 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı alıb.
- 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


