Tofiq Bakıxanov – 94 yaş, mükəmməl baletlər, skripka və fortepiano üçün 5 konsert Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəzi adların tarixdə qalıcılığına 1-2 iş də kifayət edir. Eləcə də bəstəkar Tofiq Bakıxanovun skripka və fortepiano üçün yazdığı 5 mükəmməl konsert onun adını musiqi tarixinə silinməz xəttlə yazdırıbdır.

 

Tofiq Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan alıb.

Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil alıb, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirib. Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışıb.

Yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

 

- Musiqili komediyalar

1. "Altılardan biri"

2. "Məmmədəli kurorta gedir" — həmmüəllif N. Məmmədov

3. "Qız görüşə tələsir" — həmmüəllif N. Məmmədov

 

Baletlər

1. "Xəzər balladası" (1969)

2. "Şərq poeması" (1976)

3. "Xeyir və Şər" (1990)

 

Simfonik əsərlər

-  BSO üçün 5 simfoniya

- Türk simfoniyası (6-cı simfoniya)

- Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası

- Skripka və fortepiano üçün 5 konsert

- Tar və simfonik orkestr üçün 4 konsert

 

Tofiq Bakıxanv 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 1983-cü ildə professor adı alıb. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilib. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 7 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, 26 yanvar 2021-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub.

Hazırda 94 yaşı olan sənətkar addım-addım 100-ə yaxınlaşır.

Allah ömür versin.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.