İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun səsi çox məlahətliydi, zildən və bəmdən oxuyanda elə keçidlər edirdi ki dinləyici heyran qalırdı, mimikası, səhnə jestləri özünəməxsus idi, sevilirdi.
Noyabrın 7-də anadan olmasının 85 illiyini qeyd etdik.
Bu günsə onun anım günüdür...
Baba Mahmudoğlu 7 noyabr 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.
Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb.
Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb.
1992-ci ildə xalq artisti fəxri adını alıb. Prezident təqaüdçüsü olan sənətkar 2005-ci ilin payızında uzun illər çalışdığı teatrdan təqaüdə çıxıb.
Filmoqrafiya
- Evlənmək istəyirəm
- Aşıq Qərib
- Tanrı payım, telli sazım
2006-cı il dekabrın 6-sında Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.12.2025)


