İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan musiqisinin bir zirvəsində tək Üzeyir Hacıbəyli, digərində isə Qara Qarayev, Fikrət Əmirov kimi bir neçə dahi bəstəkar dayanır.
Bu gün Fikrət Əmirovun doğum günüdür.
Əslən Şuşadan olan Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olub. Fikrət ailənin ikinci övladı olub. Belə ki, Fikrət uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asıb. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, "Məni bəstəkar edən Azərbaycan tarıdır." Əlavə edir ki, "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir."
1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşüb. Dürdanə xanım 6 övladını tək böyütməli olub. Fikrət yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışıb. O, atasının arzu və istəklərini yüksək səviyyədə həyata keçirməyə nail olub. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışıb. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edib. Beləliklə onlar, ifaları ilə məktəb daxili və xarici uğurlar qazanmağa başlayıblar.
O, Üzeyir Hacıbəyovun sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini öyrənib və bu üslubda ilk əsərlərini yazmağa başlayıb. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada "Xalq musiqisi kabineti" təşkil olunub. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edib. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayıb, onları lentə yazıb, kabinetə təqdim edib və həmin nümunələri nota köçürüblər.
Dövrünün ustad xanəndələrini — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salıblar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazıb.
Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət edib. Konservatoriyanı bitirərkən o, diplom işi olaraq birpərdəli "Ulduz" operasını yazıb. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr etdirilməyib. Fikrət Əmirov bu əsəri yazmaqla müəyyən təcrübələr əldə edib. Bəstəkar opera janrının müəyyən üslub cəhətlərinə, ifadə vasitələrinə yiyələnə bilib. Birpərdəli operanın librettosu Azərbaycanın xalq artisti İsmayıl Hidayətzadəyə məxsusdur.
1953-cü ildə Fikrət Əmirov "Sevil" operasını yazıb. Fikrət Əmirov operanın üzərində işə 1949-cu ildə başlayıb. Cəfər Cabbarlının süjetinə opera yaratmaq tələbi bəstəkarın daxili istəyindən, bu yazıçının yaradıcılığına olan rəğbət hissindən irəli gəlməklə yanaşı, həm də yazıçı Mirzə İbrahimovun bu süjeti təklif etməsi ilə əlaqədar olub. Operanın librettosunu yazan şair Tələt Əyyubov pyesin əsas dramaturji məğzini, əsərin obrazlı dilini, iştirakçıların dəqiq səciyyəsini saxlamağa cəhd göstərib. Librettoya çox yığcam şəkildə işlənən Azərbaycan qadının acınaqlı vəziyyəti, hüquqsuzluğunu təsvir edən proloq səhnəsi əlavə edilib. Opera janrının tələbləri ilə bağlı pyesin bəzi pərdələri birləşdirilib, əsər yığcam şəkil alıb. Operanın hər redaktəsində müəyyən dəyişikliklər aparılaraq bəzi səhnələr əlavə edilib, bəziləri çıxarılıb, iştirakçıların bir sıra çıxışlarının yeri dəyişdirilib.
Filmoqrafiya
1. 80 kilometr yerin altı ilə
2. Abbas Mirzə Şərifzadə
3. Mücrü
4. Nəfəs alətləri
5. Bəxtiyar Vahabzadə
6. Muğamat var olan yerdə...
7. Fikrət Əmirov
8. Həsən Abdullayev xatirələrdə...
9. Maestro Niyazi
10. Yaşamaq gözəldir, qardaşım!
Təltif və mükafatları
1. "Stalin" mükafatı (II dərəcə) — ("Kürd-ovşarı" və "Şur" simfonik muğamlarına görə)
2. Azərbaycan SSR əməkdar incəsənət xadimi
3. Azərbaycan SSR xalq artisti
4. Lenin ordeni
5. SSRİ xalq artisti
6. Azərbaycan SSR Lenin komsomolu mükafatı
7. "Qırmızı əmək bayrağı" ordeni
Dahi bəstəkar 20 fevral 1984-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.11.2025)


