Bu gün İslan Rzayevin doğum günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan musiqisi xəzinəsinə nə qədər muğam, təsnif bəxş edən, olduqca gözəl səs tembrinə malik olan müğənnilərimizdən olan İslam Rzayevin bu gün doğum günüdür. Anadan olmasının 91-ci ildönümüdür.

 

İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olub. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olub. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda alıb, Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənib. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb, sənətini təkmilləşdirib. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib. Pedaqoji işlə də məşğul olub, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıblar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.

Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilib. Bir sıra mahnılar da bəstələyib, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət edən, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa edib.

 

Filmoqrafiya

1. Azərbaycan elləri

2. Bakı bağları. Türkan

3. "Hacı Mail" nağılı...

4. Havalansın Xanın səsi

5. Sevil

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar artisti

2. Azərbaycan SSR xalq artisti

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

4. "Şöhrət" ordeni

 

Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.