Ötən günə gün çatarmı? Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Gəl əzizizm, keçənləri

Yada salaq, dönə-dönə.

Ötən günə, gün çatarmı,

Çalasaq da günü-günə

İllər ötsə də bu mahnı və bu ifa dəbdən düşmür. Musiqi də gözəldir, sözlər də, ifa isə sadəcə, ecazkardır.

Bəli. Bu qızıl səs mərhum Oqtay Ağayevindir.

 

Oqtay Ağayev 1934-cü ildə noyabrın 7-də Bakıda dünyaya gəlib. Babası Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gətirilib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra  babalarının İçərişəhərdəki evində qalmalı olublar.

O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra Oqtay Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirib və texnikumda dərs deməyə başlayıb. Oqtay Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

 

Dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

Kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

 

Filmoqrafiya

1. Abşeron ritmləri

2. Bakı bağları. Buzovna

3. Dağlarda döyüş

4. Xatirələr sahili

5. Mahnı qanadlarında

6. O qızı tapın

7. Oqtay Ağayev. Ötən günlər

 

Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbirstanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.