İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, musiqili komediya aktyorluğu üzrə təhsil alanda ağlına belə gətirməzdi ki, muğamda parlayacaq, opera tarixində ən gözəl Leylilərdən birinin müəllifi olacaq.
Bu gün onun – Mələkxanım Eyyubovanın doğum günüdür. Gəlin həyat və sənət yoluna birlikdə nəzər yetirək.
Mələkxanım Eyubova 5 noyabr 1962-ci ildə Şamaxıda anadan olub. 1969-cu ildən 1979-cu ilədək Bakıdakı 155 saylı orta məktəbdə təhsil alıb. Qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə. Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilə kimi M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil alıb.
1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb. Dünyanın bir çox ölkələrində — ABŞ, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Rumıniya, Belorusiya, Latviya, İsveç, İraq, Hollandiya, Belçika, Rusiya və s. konsert proqramları ilə çıxış edib.
1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub. 10 ildən artıqdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor vəzifəsində çalışıb. Azərbaycanın əməkdar və xalq artisti adına layiq görülüb. Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılıb.
Filmoqrafiya
- Qabil
- Zəlimxan dastanı
- Xalq təranələri
Heydər Əliyev Fondunun mükafatçısıdır. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına, 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülüb. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)


