İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Atalar və oğullar mövzusunu davam etdirirəm. İndi də Vasif Adıgözəlovun oğlu Yalçın Adıgözəlov barədə danışmaq istəyirəm.
Yalçın Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olub. Tanınan musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlayıb. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib (professor R. Atakişiyevin sinfi).
1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi).
1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınan professor İlya Musinin sinfində təhsil alıb. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçib.
1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci illərdə isə bədii rəhbəri və baş dirijoru olub. Ölkədə iqtisadi böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin qorunub saxlanılması işində əvəzsiz xidmətlər göstərib. Y. Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkədə və onun hüdudlarından kənarda geniş konsert fəaliyyəti göstərib.
20 yanvar 1991-ci ildə Bakıda baş vermiş faciənin ildönümü münasibətilə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun dirijorluğu və müəlliflərin iştirakı ilə Moskva Konservatoriyasının Böyük Zalında V. Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası və Ə. Karamanovun "Stabat Mater" vokal-simfonik əsərini ifa edib.
1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində (Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə Orta Asiyada qastrolları baş tutub. Yalçın Adıgözəlov 1991–1993-cü illərdə Avstriya hökuməti ilə birlikdə keçirilən "MOSART-festivalları"nın bədii rəhbəri olub. Keçirilən festivalların üçündə Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərinin dünya premyeraları baş tutub.
Mükafatları
1. "İlin ən yaxşı dirijoru" nominasiyasında "Humay" mükafatının ilk laureatı
2. 15 may 2007 — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
3. Azərbaycan Respublikasının xalq artisti
4. Prezident Mükafatçısı
5. "İlin ən yaxşı musiqiçisi" nominasiyasında "Zirvə" mükafatı.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


