İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Amansız ölüm onu çox tez aldı. 38 il nə ömürdür ki? Bir göz qırpımı qədər. Oğulsan, bu qısa müddətdə adını tarixə yazdır. Səxavət Məmmədov, Ağdamın qızıl səsi. Bu gün doğum günüdür, yaşasaydı, 72-sini qeyd edəcəkdi. Amma tam 34 ildir ki, doğmaları nun ad gününü onsuz keçirirlər...
Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Səxavətin səsi "Segah"a yatımlı olub, ruhu "Segah"a bağlı olub. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s.
1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olub. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır
“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb.
Səxavət Məmmədov bənzərsiz səsə malik olub. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra isə kənd işğal olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.10.2025)