İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun əsas populyarlıq dönəmi müstəqilliyimizin ilk illərinə təsadüf etdi. Sovetlərdən müstəqilliyə adlayanda sovetlər dönəminin bir neçə gənc və orta yaşlı ifaçısı yeni dalğada yer alıb məşhurlaşdılar. Bu sırada əsasən iki ad var idi: Aygün Kazımova və Brilyant Dadaşova.
Bu gün Brilyant xanımın doğum günüdür.
Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova 15 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlanıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıblar və bu mahnı Azərbaycanda çox məşhur olub. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxıb.
1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bilib. 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alıb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb. Qısa müddətdə hitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə versiyada ifa olunub.
1990-cı ildə müğənninin mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalıb. Elə həmin illərdə o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakültəsini bitirib. Həmin ildə də Türkiyəyə ilk dəvət alan müğənni TRT kanalının "Avrasiya konseri" çəkimlərində iştirak edib.
1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edib. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olub. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görüb. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edib.
Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub. O, Rusiyanın ən iri iki şəhərində — Moskvada və Sankt-Peterburqda çıxış etib.
Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxıb. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olub.
1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başlayıb və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qalıb. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxıb.
Albomlar
1. Sevəcəyəm (Cavanşir Quliyevin mahnıları)
2. Brilliant Dadaşova, İlqar Muradov, SKRUK – Azerbaycan Şarkıları
3. Eldar Mansurovun Mahnıları
4. Səninləyəm
5. Qəm eyləmə
6. Dönməz daha gedən qatar
7. Masal Dünyam
Kliplər
1. Züleyxa
2. Seveceğim
3. Azərbaycanım, Oy
4. Oh Dedim, Ah Dedim
5. Самолёт
6. Dərdimdən Öləcəksən
7. Gözlərin Deyir Ki, Sevirsən
8. Ayrılıq Yağışı
9. Aytən
Filmoqrafiya
1. Yaramaz
2. Kənar adamlar
3. Haray
4. Bir cənub kəndində
5. Əzizə Cəfərzadə
6. Dəvətnamə
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)