Violanın mükəmməl ifaçısı, mədəniyyətimizi dünyada təbliğ edən FUAD İBRAHİMOV Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Xüsusən yeniyetmə və gənclər o qədər bayağı musiqilərə alışıblar ki, klassik, simfonik musiqi barərə əsla bilgisizdirlər və mən əminəm ki, bu başlığı oxuyan əksər gənc “viola görəsən nədir” sualını verirlər.

Viola nədir?

Viola simli musiqi alətləri ailəsindən olan və "alt" kimi tanınan yaylı simli bir alətdir. Viola alətinin mükəmməl ifaçısı isə Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimovdur.

 

Fuad İbrahimov 1982-ci ilin 2 sentyabr tarixində Şuşa şəhərində anadan olub. Musiqi təhsilinə 12 yaşında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-studiyasında oxuyarkən başlayıb. Orada professor Tofiq Aslanovun sinfinə daxil olub.

 Daha sonra Teymur Göyçayevin dirijorluğu ilə “Tutti” gənclərin simli orkestrinin üzvü olub. 1998-ci ildə VII Respublika Musiqi Müsabiqəsinin (Bakı) qalibi olub. 15 yaşında olarkən Maestro Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinə viola ifaçısı kimi qəbul olunub və 2001-ci ilə qədər orkestrdə çalışıb.

1998-ci ildə o həmçinin Bakı Musiqi Akademiyasına professor Bayandur Mehdiyevin viola sinfinə daxil olub, 2001-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Köln Ali Musiqi Məktəbinə (Almaniya) professor Rayner Muqun sinfinə daxil olub. Bu müddət ərzində İbrahimov “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun təqaüdünə, eləcə də Dr.Karl Dörken-Verner Riçard adına təqaüdlərə layiq görülüb, Yehudi Menuhin Xeyriyyə Fondunun himayəsi altında Almaniyanın bir çox şəhərlərində konsertlər verib. Fransada Berlioz mükafatına layiq görülüb.

Fuad İbrahimov dirijor kimi gənc karyerasında Kral Filarmonik Orkestri (İngiltərə), Orchester Symphonique de Mulhouse (Fransa), Şimali Çexiya Filarmoniyası, MDR Leipzig Simfonik Orkestri, Staatskapelle Halle, Göttingen və Nurem, Berlin Filarmonik, Staatskapelle Berlin, Staatskapelle Drezden, Cənub-Vestfaliya Filarmoniyası (Almaniya), Vyana Kamera Orkestri və bir çox başqa orkestrlərin musiqiçilərindən ibarət olan "Das kritische Orchester Berlin®" Simfonik Orkestri kimi orkestrlərdə çıxış edib.

2012-ci ildə Gürzenich Orkestri (Almaniya) ilə Köln Operasında qonaq dirijor kimi ilk müstəqil opera əsərini götürüb. 2011-ci ilin iyun ayında o, Maestro Fabio Luisi tərəfindən Yaponiyada keçirilən “Sakit Okean Musiqi Festivalı”na dəvət olunub. 2006-cı ildə İbrahimov Köln Musiqi Akademiyasında professor Maykl Luiqlə dirijorluq təhsilinə başlayıb və 2008-ci ildən Köln şəhərində yerləşən “Sinfonietta” tələbə simfonik orkestrinin musiqi rəhbəri kimi fəaliyyət göstərib. 2010-cu ildə DAAD tərəfindən xüsusi istedadlı əcnəbi tələbələrə verilən xüsusi mükafata layiq görülüb.

2014-cü ilin noyabr ayından Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmonik Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijorudur. 2018-ci ildə Parisdə keçirilən Yevgeni Svetlanov adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin həmqalibi Fuad İbrahimov növbəti ilin aprelində keçiriləcək Rostropoviç Festivalında Monte-Karlo Filarmonik Orkestri, Sinfonia Varsovia və Orchester d’Auvergne dirijorluğu üçün dərhal dəvət olunub.

3 dəfə Prezident Mükafatına layiq görülüb. 2013-cü ildən Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü, 2017-ci ildən isə Azərbaycan Respublikasının Əməkdar artistidir. 2019-cu ildə "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.