İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının xalq artisti Zəhra Quliyevanı haqlı olaraq misilsiz skripka ifaçısı hesab edirlər. Onun dilləndirdiyi skripka həqiqətən də lap Paqanini ifası kimi gözəl, mükəmməldir.
Bu gün Zəhra xanım barədə boş yerə danıçmıram. Təqvimdə 23 avqust günüdürsə, demək ki, Zəhra xanım çoxsaylı təbrikləri qəbul edir. Axı bu gün onun doğum günüdür. Ustad sənətkar 74 yaşını qeyd edir.
Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan skripkaya olan sevgisi onu bu sehirli çalğı aləti ilə ilk təmasa gətirib və o, bu təmasdan əsla ayrılmayıb. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində alıb. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil alıb və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirib.
Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirib.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış edib, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış edib və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa edib.
O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlayıb. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləyib.
1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır. O, burada həm Azərbaycan, həm də dünya şöhrətli rəssam və musiqiçilərin sənətindən, onların həyat və yaradıcılığından söhbət açır. 1990-cı ildə Zəhra Quliyeva Azərbaycan Musiqi Xadimləri İttifaqının sədrinin I müavini vəzifəsinə təyin olunur. Bu illərdə o, bir sıra konsert qastrol səfərlərinə çıxıb, İngiltərədə Aberdin musiqi festivalında iştirak edib.
Azərbaycana qayıdan Zəhra Quliyeva hazırda ifaçılıq və müəllimlik fəaliyyətini davam etdirir. Bakı Musiqi Akademiyasının skripka kafedrasında, ifaçılıq sinfiylə yanaşı, o, həm də "Skripka sənəti tarixi" fənnindən də tələbələrə məruzələr oxuyur.
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
- Azərbaycan Respublikasının xalq artist
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)