Kübra Quiyeva, “Ədəbiyyat və incəsənət”
Qısa bioqrafiya
22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində dünyaya gələn Aygün Hümmətova – səhnədə tanıdığımız adı ilə Aygün Bəylər – Azərbaycan musiqisinin ən orijinal simalarından biri olub. Uşaqlıqdan musiqiyə həvəs göstərən sənətkar əvvəlcə nağara sinfi üzrə təhsil alıb, sonra isə Dövlət Uşaq Filarmoniyasına qəbul olunub. Daha sonra konservatoriyada muğam sənətinin incəliklərini öyrənib və səhnəyə öz üslubu ilə qədəm qoyub.
2002-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülən Aygün Bəylər milli musiqimizi xarici ölkələrdə də təbliğ edib. Onun səhnədəki dik duruşu, kişi cizgilərini xatırladan sərtliyi və eyni zamanda qadın incəliyi ilə zəngin səsi hər kəsin yaddaşında iz qoyub.
Bir uşağın xatirəsi
Mən uşaq olanda onu televizorda görüb dinləyirdim. O vaxt nə dediyini tam anlamırdım, amma geyimi, danışığı və səsinin gücü yaddaşıma həkk olunmuşdu. Hətta mahnılarını əzbərləyib lağa qoyduğum da olub. İllər keçdikcə isə başa düşdüm: səhv etmişəm. Onun hər sözü, hər misrası bir ömür dərsi imiş.
Unudulmaz misra
Oxuduğu mahnıları elə seçərdi ki, musiqisi kimi sözləri də gözəl olardı. Bu sözlər uzun müddət yaddaşlara hopub qalırdı. Məsələn, məni çox tutan misralar...
"Soyuqluğun buz olanda yanağımda
nəfəsinlə bir başqasını isitmisən..."
Bu söylənilən sadəcə bir xəyanət hekayəsi deyil.
“Soyuqluğun buz olanda yanağımda” – münasibətdəki biganəliyi, donuq sevgini ifadə edir.
“Nəfəsinlə başqasını isitmisən” – nəfəs insanın ruhu, canı, həyat payıdır. Bu nəfəsi başqa birisinə vermək isə yalnız sevgi yox, bütöv bir ruhun paylaşılması deməkdir.
Bu səbəbdən həmin misra könüllərə toxunur. Çünki hər kəs bir dəfə də olsa “yanında ola-ola uzaq olan” birinin soyuqluğunu hiss edib.
Ölməz xatirə
Yaşasa, bu il Aygün Bəylərin 50 yaşı tamam olacaqdı. O, qısa ömrünə böyük sənət irsi sığdırdı. Mərd, sözübütöv, eyni zamanda qəlbi kövrək bir Azərbaycan qadını idi.
Aygün Bəylər bu dünyadan köçsə də, səsi və misraları yaddaşımızda əbədi yaşayır.
Məkanı cənnət olsun.
“Ədəbiyyat və incəsənət”
(23.08.2025)