İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəstəkar Oqtay Kazımi, “Nə gəlməz oldun”. Sözləri Əli Kərimindir. İfa edir Aybəniz Haşımova.
Bu mahnının Aybəniz xanım o qədər gözəl ifa edir ki, təsirlənməyən kimsə qalmır. Məncə, bəzən musiqi tarixində qalmaq üçün müğənniyə bircə mahnı da kifayət edir.
Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova 22 avqust 1968-ci il tarixində Gəncə şəhərində anadan olub.
Müsahibələrindən birində ona sual edirlər:
-Aybəniz xanım, üç ixtisasınız var. Bunların içərisində şairlik qabiliyyətinizin olmasını heç vaxt qabartmamısınız.
Cavabında deyir:
-Heç indi də qabartmıram. Mənim əsərlərim var. Onları səhnələşdirmək də istəyirdim. On bir yaşımdan artıq yazmağa başlamışam. Yazmaq da mənə yəqin ki, genetik olaraq keçib. Çünki atam sinədəftər idi. Vahid Əziz mənim anamın bibisi oğludur. Bacım Şahnaz xanım isə xanəndə olması ilə yanaşı şeirlər də yazıb. Onun bir neçə şeirlər kitabı işıq üzü görüb. Bütün bunlardan əlavə də mən mütaliəni və insanlarla ünsiyyətdə olmağı, onlarla söhbət etməyi sevirəm. Onları dinlədikdən, taleləri ilə tanış olduqdan sonra gedib onlardan nələrsə yazıram. Orda təbii ki, özüm də varam.
-Sizcə nə baş verdi ki, bizim musiqimiz indiki vəziyyətə düşdü, bugünkü musiqiləri dinləmək dözülməz, bayağı müğənniləri izləmək isə əzaba çevrildi?
-Son dönəmlər müxtəlif sosial şəbəkələrin yaranması imkan yaratdı ki, hər bir kəs bacardığı hər nə varsa, onu sosiallaşdırsın və gündəmə gətirsin. Bu formada məşhurlaşan insanlar çox oldu. Amma bu gün Azərbaycan incəsənətində yetəri qədər musiqimizə xidmət edən sənət adamlarımız və onların davamçıları var. Ona görə də düşünürəm ki, sualınızdakı narahatlığa əsas yoxdur. Çünki Azərbaycan incəsənəti yeni nəslin və incəsənətimizə xidmət edənlərin, əsl sənətkarların sayəsində yaşayır.
Bir başqa dəfə ona belə bir sual ünvanlayırlar:
-Aybəniz xanım, sizcə musiqi zövqünü kim formalaşdırır?
Cavab belə olub:
-Təqdimatçılar zövqü formalaşdırır və öz tamaşaçı küləsini ardınca aparır. Bu səbəbdən də təqdim edəcəyimiz hər nə varsa, çox diqqətlə düşünülməlidir.
Aybəniz xanım indiki gənc nəsli öz dövrünün gənc nəsli ilə müqayisə edəndə dəyişiklikləri bu cür xarakterizə edir:
“Düşüncə dəyişməyib. Hər dövrün özünə məxsus seçimləri var. Hər kəs həyatı öz arzuladığı kimi seçir. Mənim şəxsən özümə bu sualı verdiyiniz üçün deyim ki, mənim də seçimim belədir, bu istiqamətdir. Mən əsl musiqinin və onun təmsilçisinə çevrilmək istəyirəm. Bu da mənim seçimimdir. Tarixdə qalmaq, yaşamq mənə zövq verir. Şövkət xanım, Sara xanım, Rübabə xanım, Arif müəllim və adlarını böyük siyahıda çəkə biləcəyim əsl sənət fədailəri kimi. Bu da mənim həyat prizmamdı. Mən bunu sevirəm. Tarixdə onlar kimi yaşaya bilərəmsə, nə xoş mənim halıma.”
İfaçının məşhurluğa münasibəti isə belədir:
“Sənətdə iki kateqoriya var: tanınanlar və tanınıb sevilənlər. Xoşbəxt o adamdır ki, həm tanınır, həm də sevilir. İnsanların, xalqın yanında olmaq, onların sevgisini görmək, onların sevgisi ilə böyümək məni daha çox yaşadır. Bundan böyük stimul alıram. Xalq mənə sevgi verir, nəsə pislik etmir axı? Bu xalq ancaq məni öpüb qucaqlayır, bağrına basır, zamandan zamana aparır, yaşadır. Bunun üçün ömrümün sonuna qədər xalqa minnətdaram. Məni yaşatdıqları üçün nəinki ömrümün sonuna qədər, hətta dünyadan gedəndən sonra da, ruhum onlara minnətdar olacaq.
Gənclər mənə sevgisini bildirəndə, çox sevinirəm. Bilirsiniz niyə? Ona görə ki, mənim dövrümün insanı məni onsuz da tanıyır, mənimlə böyüyüblər, yaşlanıblar. Amma gənc nəslin məni tanıyıb sevməsi başqa aləmdir. O zaman dünyanın yeddinci qatında oluram.
Aybəniz xanım səhnədə ilk addımlarını belə xatırlayır:
“Bilirsiniz ki, 1979-cu ildən səhnədəyəm. Hətta səhnəyə gəldiyim gün hamı məni Şahnaz xanımın qızı kimi tanıdı. Sonralar qarşıma məqsəd qoydum ki, elə bir ifaçıya çevrilməliyəm ki, məni öz adımla tanıyıb, sevsinlər. Çünki kölgədə yaşamaqdan heç xoşum gəlmir. O gündən bu günə qədər elə bir günüm yoxdur ki, öz üzərimdə çalışıb, yeniliklərə nail olmayım. Çalışıram ki, hər dövrün, hər nəslin nümayəndəsi mənim ifamı sevib, məni ürəklərində yaşatsınlar. Ümumiyyətlə, erkən yaşda sənətə gəlməyimə baxmayaraq, o dövrdə də bir amalım vardı: sətirlərdə yox, könüllərdə yaşayım.”
Çox az adam bilir ki, Aybəniz xanım filmə də çəkilib... Bu barədə deyir:
“85-ci ildə Tacikfilmin istehsalı olan “Şirəli və Aybarçin” filmində Azərbaycanlı şahzadə obrazına dəvət aldım. Filmdə tərəf müqabilim şah obrazının ifaçısı təkrarsız şairimiz Nüsrət Kəsəmənli idi. Bundan sonra kinorejissor Tofiq İsmayılovun “Sürəyya” filmində dahi bəstəkar Tofiq Quliyevin musiqilərini Moskva kinomatoqrafiya birliyinin simfonik orkestri və baş drijoru Skripkanın müşayiəti ilə filmə yazılmış bütün nəğmələri ifa etdim. Təhsil aldığım dövrdə Azərbaycanın xalq artisti Fikrət Verdiyevin rəhbəri olduğu Gəncənin məşhur “Göy-göl” ansanblı ilə birlikdə Azərbaycanı qarış-qarış gəzərək, konsertlər verdik. O ki qaldı “Dan ulduzu” ansanblına gəlişimə... 1984-cü ildə günlərin birində axşam saatlarında Bakıda kirayədə qaldığım evə zəng gəldi. Zəng edən gözəl müğənnimiz Firuzə İbadova idi. O, mənə dedi ki, Gülarə xanım Əliyeva səni çox bəyənib və səni öz ansamblında görmək istəyir. Həyatımın ən xoş xəbərlərindən biri idi. Elə bildim, sanki dünyanı mənə bağışladılar. Çünki o dovrdə “Dan ulduzu” ansamblında hər müğənni dəvət alıb solist kimi fəaliyyət göstərə bilmirdi. Təsəvvür edin ki, səkkizinci sinif şagirdi üçün bu nə böyüklükdə nailiyyətiydi. Mən bunun məsuliyyətini yaxşı dərk edirdim. Gülarə xanıma zəng etdim. O, mənim səsimi eşidəndə, təsəvvür belə etməzdim ki, o qədər sevincək, məni evinə dəvət edəcək. Səhəri gün Gülarə xanımgilə getdim, o, mənə ansambılı ilə oxumaq üçün repertuar təyin etdi. Həmin mahnılar mənim həyatımı tamamilə dəyişdi. Onunla ilk solo konsertim, sonralar isə hər ayın bir günü dövlət televiziyasında lentə alınan solo konsertlərim həyatmın ən böyük hadisələrinə çevrildi. Oxuduğum mahnıların sədasından küçədə gəzə bilmirdim. Hara gedirdimsə, hər kəs mənim oxuduğum mahnıları sevgi və ehtiramla mənə oxuyurdu. Bu məni daha da həvəsləndirirdi. Gülarə xanım həyatımın silinməz ana obrazıdı. O, mənə Bakıda ailəmi bütünlüklə əvəz edirdi. Mən ondan övladı, vətəni, milləti necə sevirlər, onu öyrəndim. Ondan qəlblərdə yaşamağa öyrəndim. Gülarə Əliyeva mənim qəlbimdə elə qaldı ki, elə “Qəlbimdə qaldın” nəğməsinə çevrildi.
Filmoqrafiya
- Şerəli və Aybərçin
- Məriz
“Ədəbiyyat və incəsənət”
(22.08.2025)