Şəfiqə Axundovanın bədbəxt taleli bəstəkar oğlu Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəstəkar Taleh Hacıyev. Bu ad yəqin sizə heç nə demədi. Amma söyləsəm ki, o, 1959-cu il, avqustun 19-da Bakıda, Azərbaycan bəstəkarı, şərqin ilk opera yazan qadını Şəfiqə Axundovanın ailəsində anadan olub, onda artıq fikirləriniz toparlanacaq.

 

Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb.18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb.

İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat, sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın konsertmeysteri də Taleh Hacıyev olub. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət edib.

Xalq artisti Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırıb.  Bu o deməkdir ki, Taleh Hacıyevin bir tək piano ifası böyük bir orkestri əvəz edə bilib.

Onun ən uğurlu işlərindən biri isə anası Şəfiqə Axundovanın "Həsrətindən" mahnısının pifano ifasıdı. Taleh Hacıyevin bəstəkar olduğu ən uğurlu iş isə hələ gənc yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" mahnısı olub və elə ilk dəfə 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib.

Mahnıları xalq artistləri Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa edib. Bir çox dövlət tədbirlərində konsertmeystr kimi çalışıb. Yaradıcılığının ən parlaq vaxtında gənc yaşlarında ruhi xəstəliyə tutulub. Bu da onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edib. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, o, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib.

Bax belə bir acı tale.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.