İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
16 avqust günündə birdən birə iki tarixi şəxsiyyətin 100 illiyini qeyd edirik – 1925-ci ilin 16 avqust günündə həm görkəmli dövlət xadimi Şıxəli Qurbanov, həm görkəmli ədib Bəxtiyar Vahabzadə. Bu günə həm də Xalq yazıçısı Yusif Səmədoğlunun anım günü təsadüf edir. Amma siyahı tam deyil. Azərbaycanın görkəmli musiqi xadimi, tarzən Əhsən Dadaşovun da bu gün doğum günüdür – 101 illiyidir.
Uzun illərdir ki, musiqi arenamızda Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblı uğurla fəaliyyət göstərməkdədir. Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub, Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.
1940-cı ildə S. Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib. Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olan Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirib.
Çoxdan unudulan ud alətini 1960-cı illərdə yenidən Azərbaycan musiqisinə qaytarıb. Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olub. Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.
Bakı televiziya studiyasının nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaradıb və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olub. Hazırda "Xatirə" xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. O, bir çox tarzənlərin sənət müəllimi olub.
Onun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş bir sıra filmlərin musiqi müşayiətində iştirak edib. Azərbaycan Respublikasının xalq artisti Murad Dadaşovun və "KOKON" yaradıcılıq birliyinin rəhbəri Fərid Dadaşovun atasının əmisidir.
Filmoqrafiya
1. Görüş
2. Dəli Kür
3. Nəsimi
4. Səmt küləyi
5. Gün keçdi
6. Poçt qutusu
7. Yenilməz batalyon
8. Ulduzlar sönmür
9. Bizim Cəbiş müəllim
10. Qatır Məmməd
30 may 1976-ci ildə, 51 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.08.2025)