SƏNƏTKARLARIMIZI UNUTMAYAQ – Əlibala Abdullayevi Üzeyir bəy çox dəyərləndirirdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ötən əsrdə yaşayıb mədəniyyətimizə töhfə verən çox böyük şəxsiyyətlər var ki, bu gün adlarını çəkmək yada düşmür. Halbuki, bugünkü nəslin bu borcudur.

Haqqında danışacağımız Azərbaycan SSR xalq artisti Əlibaba Abdullayev həqiqətən də musiqimizə, onun ayrılma qolu olan milli rəqsin inkişafına böyük töhfələr verib.

 

Əlibala Abdullayev 23 mart 1915-ci ildə Bakı quberniyasının Bakı şəhərində, həmin illərdə şəhərdə məşhur olan mərsiyaxan Abdulla və evdar qadın Püstəxanımın ailəsində anadan olub. O, 16 yaşında mətbəədə işə düzəlib. Hələ uşaq yaşlarında ikən onun musiqiyə, incəsənətə həvəsi olduğu üçün boş vaxtlarında İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinə getməyə başlayıb, buradakı rəqs qrupunun üzvü olub.

1935-ci ildə bəstəkar Üzeyir Hacıbəyov tərəfindən özünün yaratdığı Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblına seçilib və 1936-cı ildə Filarmoniyanın həmin il yaradılan Mahnı və Rəqs Ansamblının üzvü olub. Həmin ilin noyabrında Bakıda onun da iştirak etdiyi birinci Azərbaycan Xalq Rəqsləri Festivalı keçirilib. Hacıbəyov öz qeydlərində Əlibaba Abdullayevin "musiqinin ritmini dərindən" duyduğunu yazıb və əlavə edib ki, onun rəqsləri tamaşaçıda "səslənən melodiyanın əyani təsvirini canlandırır".

Kinoşünas Aydın Kazımzadəyə görə, Əlibaba Abdullayevin sənəti Üzeyir Hacıbəyovun müşahidəsi və dəstəyi ilə püxtələşib, inkişaf edib və yaradıcılıq zirvəsinə çatıb. 1938-ci ildə Qəmər Almaszadənin rəhbərlik etdiyi ansamblla birlikdə Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak edib. O, burada "Qaytağı" rəqsini ifa edib. Bu dövrdə mövcud olan kommunist rejimində Azərbaycanın milli qaynaqlarına rəsmi qadağa olmasa da, arzuolunmaz olub, fəqət bütün bunlarla bərabər Əlibaba Abdullayev yaradıcılığı müəyyən çətinliklər və sınaqlardan çıxaraq özünə yol aça-aça gəlib.

1941-ci ilin aprelində ansamblın bədii rəhbərinin köməkçisi, həmin ilin iyununda rəqs qrupunun rəhbəri olub. O, həmin ilin payızında İranda sovet qoşunları qarşısında konsertlərdə iştirak edib. İkinci Dünya müharibəsi illərində Filarmoniyanın Mahnı və Rəqs Ansamblının tərkibində həm ön, həm də arxa cəbhədə çıxış edib. 1942-ci ildə Üzeyir Hacıbəyovun "Vətən və cəbhə" kantatasının hazırlanması Əlibaba Abdullayevə həvalə olunub. O, İkinci Dünya müharibəsi illərində həm də "Dədə Qorqud" vətənpərvərlik marşının rejissoru və ifaçısı olub.

O, 1943-cü ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülüb. Əlibaba Abdullayev həmin il Səməd Vurğun, Bülbül, Ələsgər Ələkbərov, Qurban Pirimov və başqalarının da daxil olduğu mədəniyyət xadimləri qrupunun tərkibində Mozdok rayonuna göndərilib, burada o, əsasən azərbaycanlılardan ibarət 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşüb.

 İkinci Dünya müharibəsindən sonra bəstəkar Süleyman Ələsgərovdan Cəlil Məmmədquluzadə adına Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) işləmək üçün dəvət alıb. Burada o, Fikrət Əmirovun "Gözün aydın" (Alay obrazı), Süleyman Ələsgərovun "Beş manatlıq gəlin" (Qiyas obrazı), Viktor Dolidzenin "Keto və Kote" (Kote obrazı) operettalarının səhnələşdirilən tamaşalarında rol almış, həm də rəqs quruluşçusu kimi çıxış edib.

1947-ci ildə Çexoslovakiyada keçirilən I Ümumdünya Gənclər Festivalına hazırlıq dövründə yenidən Azərbaycan Filarmoniyasının rəqs kollektivinə daxil edilib. Solist kimi çıxış edən Abdullayevə festival laureatı diplomu təqdim  edilib. 1957-ci ildə Moskvada keçirilən VI Gənclər və Tələbələr Festivalının iştirakçısı olub. O, konsert proqramını, eləcə də özünün rejissoru və ifaçısı olduğu rəqslərə quruluş verib. Bu festivalda dörd qızıl, bir gümüş və üç bürünc medal qazanıb.

O, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan", Süleyman Ələsgərovun "Ulduz", Səid Rüstəmovun "Durna", Soltan Hacıbəyovun "Qızıl gül" əsərlərinin tamaşaları üçün rəqslərə quruluş verib. Əlibaba Abdullayevin yaradıcılığında süjet kompozisiyaları mühüm yer tutub, o, "Dostluq" rəqs süitasını, eləcə də "Ovçular", "Şənlik süitası", "Neftçilər süitası", "Məhsul süitası", "Balıqçılar", "Futbolçular" və s. orijinal rəqslərinin səhnələşdirilməsi ilə yanaşı, rəqs ansambllarının tamaşalarının kütləvi səhnələrinin quruluşunda da iştirak edib. Naxçıvan, Lənkəran, Kirovabad (indiki Gəncə) kimi şəhərlərdə təkcə peşəkarların deyil, həm də həvəskar incəsənət xadimlərinin iştirakı ilə rəqslər və xoreoqrafik nömrələr nümayiş etdirib.

Üzeyir Hacıbəyov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Cahangir Cahangirov kimi Azərbaycan bəstəkarları ilə əməkdaşlıq edərək tarixi xalq rəqslərini toplayıb, onların rəqs ritmlərindən istifadə edərək onlar üçün yeni tamaşalar yaradıb. O, "Ovçular", "Bənövşə", "Bulaq başı", "Bahar", "Ay gözəl", "Qazağı", "Məzəli rəqs", "Qaytağı", "Gəlin tərifi" və "Nağaraçılar" kimi xalq rəqslərini səhnələşdirib. Qızı Elmira Abdullayevanın xatirələrinə görə, Əlibaba Abdullayev daim öz üzərində işləyib, yaradıcılığı ilə bağlı xeyli ədəbiyyat öyrənib, gecələr kağız üzərində rəqs tamaşalarının eskizlərini, rəsmlərini yaradıb, eyni zamanda öz-özünə mahnı oxuyub.

O qeyd edib ki, Əlibaba Abdullayev üzərində işlədiyi eskizləri Filarmoniyanın rəqqaslarına göstərib və onlarla məşq edib, həmin eskizlər əsasında rəqslər səhnələşdirib. Həmçinin aralarında Bədurə Əfqanlı, Reyhan Topçubaşova, Kazım Kazımzadə, Əyyub Fətəliyev və başqalarının da olduğu teatr xadimləri ilə əməkdaşlıq edib, hər rəqs üçün ayrı-ayrılıqda xalq geyimlərinin eskizləri yaradılmasında iştirak edib, bu geyimlərin tikilməsində istifadə olunan parçaları özü seçib, hər rəqqas üçün geyim sifariş edib.

Kinematoqrafiya sahəsində də çalışıb, bu da onun yaradıcılığında xüsusi yer tutur. O, "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Əhməd hardadır?" (1963), "Sehirli xalat" (1964), "Dəli Kür" (1969), "Ulduzlar sönmür" (1971) kimi bədii filmlərdə həm fərdi, həm də kollektiv rəqslər ilə səhnələr qoyub. Kinoşünas Aydın Kazımzadə Əlibaba Abdullayev haqqında yazıb ki, o, rejissor, rəqqas və rəssamlığı özündə birləşdirib və rəqs üçün yaşayıb.

 

Bədii filmlərlə yanaşı, "Məktuba cavab" (1944), "Afrika görüşləri" (1961), "Qobustan" (1967) və "Salam, Əlcəzair" (1968) kimi sənədli filmlərdə, "Doğma xalqıma" (1954) və "Abşeron ritmləri" (1970, konsert filmi) bədii sənədli filmlərdə Əlibaba Abdullayevin quruluş verdiyi rəqslərdən istifadə edilib.

Əlibaba Abdullayev təkcə rəqqas deyil, həm də müğənni olub. Onun Leyla Bədirbəyli və Tutu Həmidova ("Dilbərim", "Muleyli", "Birdənəsən", "Sarı gəlin", "Qarabağın maralı") ilə birgə, eləcə də Roza Cəlilova ("Naz eləmə") və s. ilə mahnı və rəqs ifaları səs yazıları Azərbaycan Dövlət Radiosunun "Qızıl fond"unda saxlanılır.

Azərbaycanın paytaxtı Bakı şəhərinin "Kubinka" adlanan ərazisində küçələrdən birinə Əlibaba Abdullayevin adı verilib.  1940–1980-ci illərdə yaşadığı və onun adına küçədə yerləşən evin divarında barelyefinin əks olunduğu xatirə lövhəsi var. 2009-cu ildə rejissor Vüsalə Mirzəyeva Əlibaba Abdullayevin 95 illik yubileyinə həsr olunan, həyat və yaradıcılığından bəhs edən "Sənəti böyüdən sənətkar" sənədli filmini çəkib.

Mirzəyevanın sözlərinə görə, filmin çəkilişləri zamanı o, bir neçə ay Əlibaba Abdullayevin yaradıcılığını öyrənib, onun haqqında həmkarlarından müsahibə alıb. 30 noyabr 2015-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunan konsert keçirilib, konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivləri çıxış ediblər.

 Azərbaycan-sovet xalq rəqqası və xoreoqrafı Əlibaba Abdullayev 9 avqust 1980-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.