O manhılar unudulmayacaq - OQTAY KAZIMİNİN ANIM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mahnılarımız içində biri də var, sanki ayrılığın himnidir. “Nə gəlməz oldun” adlı bu mahnını Oqtay Kazımi – bu gün anım gününü qeyd etdiyimiz böyük bəstəkarımız şair Əli Kərimin sözlərinə bəstələyib. Bu mahnını Flora xanım Kərimova milyonlara sevdirib, Aybəniz Həşimova isə bu milyonların üstünə yeni milyonlar əlavə edib.

 

Azərbaycan Respublikasının Xalq artisti Oqtay Kazimi 27 dekabr 1932-ci il tarixində Astara şəhərində anadan olub. Orta məktəbi Astarada bitirən Oqtay Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor–dirijorluq fakültəsinə daxil olub və Hacı Xanməmmədovun sinfində təhsil alıb. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələyib. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinfində təhsil alıb. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.

Sumqayıtda çalışdığı illərdə "Eksperiment" estrada orkestrini yaradıb. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq–çalğı alətləri fakültəsində dərs deyib. Onun mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer alıb. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa ediblər.

Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş "Büllür sarayda", "Qılınc və Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus dram teatrında səhnələşdirilmiş "Şeyx Sənan", Kamera teatrında səhnəyə qoyulan "İtlər", Musiqili tamaşa teatrında səhnələşdirilən ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") operettaları dillər əzbəri olub, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib.

 

Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına və Prezident təqaüdünə layiq görülüb. Oqtay Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməyib.

 

- Simfonik əsərlər

1. "Azərbaycan rapsodiyası", böyük simfonik orkestr üçün

2. Qəhrəmanlıq simfoniyası

3. "Bayram Uvertürası", böyük simfonik orkestr üçün

4. "Potetik simfoniya", sevimli müəllim Cövdət Haciyevə həsr olunur

5. "Sumqayıt Lövhələri", proqramlı simfonik süita

 

- Vokal-xor simfonik əsərlər

1. "Naməlum əsgər", sözləri İskəndər Coşqunundur

2. "Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında rekviyem", sözləri Ramiz Heydərindir.

3. "Yaşa Respublikam" kantatası, İki solist, xor və simfonik orkestr üçün, sözləri İskəndər Coşqunundur

4. "Vətənimin Əsgərləri", 416-cı Diviziya haqqında Böyük Vətən Müharibəsinin 35-ci ildönümünə həsr edilmişdir.

 

- Kamera-instrumental əsərləri

1. Fortepiano üçün 3 prelüdiya

2. 8-fuq fortepiano üçün

3. Orqan üçün fuqa

4. Fortepiano üçün 6 prelüdiya

5. Caz stilində 3 pyes, fortepiano üçün

 

- Estrada orkestri üçün pyeslər

1. "Bakı işığı"

2. Truba və orkestr üçün serenada

3. Tronbon və orkestr üçün noktürn

4. Estrada orkestri üçün ballada

 

- Xalq çalğı alətləri orkestri üçün əsərlər

1. Musiqi lövhəsi

2. Dörd hissəli süita

 

- Ən məşhur mahnılarının bir qismi

1. Məhəbbət, sözləri Cabir Novruzundur.

2. Sevənləri qoru dünya, sözləri Cabir Novruzundur.

3. Cavanlığım, sözləri Cabir Novruzundur.

4. Qara gözlüm, sözləri Cabir Novruzundur.

5. Sevgi qanadlarında, sözləri Cabir Novruzundur.

6.Nə gəlməz oldun, sözləri Əli Kərim

 

Filmoqrafiya

1. Abşeron ritmləri

2. Mahnı qanadlarında

3. Zınqırovlar

4. 1001-ci qastrol

5. Azərbaycan elləri

 

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən Xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.