Milan ona həqiqətən də qucaq açdı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevənlərin arzusu Parisdə Mulen-Ruju görmək, əylənənlərin arzusu Rio-de-Janeyro karnavalına baş çəkmək, oxuyanların arzusu isə Milanda La-skala səhnəsində çıxış etmək olur həmişə. Onun da uşaqlıqdan ən böyük arzusu Milana getmək olub...

 

Azərbaycanlı opera müğənnisi Eldar Əliyev 28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub. Uçaqlıqdan səs tembrini hamı bəyənib, ona gözəl karyera görüblər. Orta təhsilini bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1992-ci ildə isə arzularının dalınca İtaliyaya gedib, "Lirica Osimo" Akademiyasına qəbul olunub.

Peşəkar karyerasına 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında V. A. Motsartın məşhur "Sehirli fleyta" operası ilə başlayıb. 1994–1995-ci illərdə Gyorgy G. Rathın dirijorluğu ilə "Macbeth" (Banco) və "Madama Butterfly" (Lo Zio Bonzo) operalarında çıxış edib. 1995-ci ildə Rossini Opera Festivalı" çərçivəsində "Guglielmo Tell" operasında Leuthorl obrazını canlandırıb.

1996-cı ildə Valeri Gergievin dirijorluğu ilə Sergey Prokofyevin "Oyunçu" operasında və "Teatro dell’opera Roma"da Juri Ahronovitchin dirijorluğu ilə "Turandot" (Timur) operasında, 1997-ci ildə "Rossini Opera Festivalı" çərçivəsində Jurovskinin dirijorluğu ilə Rossinin "Moïse et Pharaon" operasında Pharaon obrazı ilə və "New Israel Opera" evində "Rigoletto" operasında Sparafucile obrazı ilə çıxış edib.

1997–1998-ci illərdə "Teatro Regio di Parma"da Verdinin "Don Carlo" operasında Grande Inquisitore obrazını canlandırıb.

1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında canlandırdığı Timur obrazandan sonra Bologna, Brüssel və Romaya canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb.

 

2002-ci ildə Renato Palumbonun dirijorluğu, Hugo de Ananın rejissorluğu ilə "Lucrezia Borgia" operasında canlandırdığı Astolfo obrazında səhnəni Mariella Devia ilə bölüşüb.

Bundan sonra karyerasını davam etdirmək üçün "Teatro alla Scala"ya qayıdıb. 2005-ci ildə Çaykovskinin "Çereviçki" operasında çıxış edib.

2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.

Və heç kəsin inanmadığı baş verib. 2020-ci ildə, avqustun 6-da arzularının çiçəkləndiyi bir dövrdə yaşadığı Milan şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.