İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Firəngiz Rəhimbəyova. Bu ad hər birimizə dönə-dönə tamaşa etdiyimiz “Bəxt üzüyü” filmindən tanışdır. Seda rolunu canlandıran Firəngiz həm də öz gözəlliyi ilə kişi tamaşaçıları əfsunlamağı da bacarmışdı...
Azərbaycanlı müğənni, aktrisa Firəngiz Rəhimbəyli 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib. Anası Raisa çox erkən yaşda dünyasını dəyişib. Atası ikinci dəfə xalası qızı Sona adlı qadınla ailə həyatı qurub. Sona xanım AMEA-nın işçisi olub. Firəngizi, demək olar ki, ögey anası böyüdüb, boya başa çatdırır, ali təhsil alması üçün dəstək olub, toyunu edib. Hazırda bu qadın uzun illərdir Bilgəhdə yerləşən qocalar evində yaşayır.
Firəngiz xanım 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. 1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülüb. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə dediyimiz kimi, "Bəxt üzüyü" filmindəki Sevda - Seda rolu gətirib.
Firəngiz xanım ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Amerikaya köçdükdən sonra qızı adını dəyişərək Reyçel adını götürüb.
1999-cuildə oradaamerikalı memarReymondAntoniilə ailə həyatı quranFirəngiz xanıməsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edib və kiçik bizneslə məşğul olub.
2017-ci ildə tale onu yenidən Bakıya gətirib. Planeta parni iz Baku KVN Tetarının rəhbəri Tahir İmanovun dəvəti ilə o, "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.
Gələcəyə yönəli planlar qururmuş, kino və teatr səhnəsinə qayıtmaq, yeni mahnı repertuarı yaratmaq yönündə işlər görürmüş. Amma...
2022-ci il avqustun 16-sı Firəngiz xanım ürək tutmasından vəfat edib. Sənətçi 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Westlake Village şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.
Beləcə, qəbri də qürbətdə qalıb.
Allah rəhmət eləsin.
Filmoqrafiya
1. Gümüşgöl əfsanəsi
2. Bəyin oğurlanması
3. Bəxt üzüyü
4. Bəxt üzüyü 2
“Ədəbiyyat və incəsənət”
(05.08.2025)