Azərbaycanın ilk repçisi Anar Nağılbazın bu gün anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Anar Cəbiyev idi, sonradan özünə Nağılbaz təxəllüsü götürdü, rəsmən ölkənin ilk repşisi hesab edilir. Tanındı, sevildi. Sonra səhvlər buraxdı, bu səhvlərdən biri də onun həyatını bitirdi. Bu gün onun anım günüdür. Məncə, bu gün onu çox adam xatırlayacaq. Ən azından, əzizləri, dostları, üstəlik, minlərlə dinləyicisi, pərəstişkarı.

 

Anar Nağılbaz 1976-cı il mart ayının 28-də Bakıda millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib. Ailənin sonuncu övladı və evin son beşiyi olub. Uşaqlıqda səhhəti ilə problemləri olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb.

Musiqiyə, yeni musiqi cərəyanlarına hələ uşaqlıqdan marağı olub. 1988-ci ildən hip-hopa maraq göstərməyə başlayıb. 1990-cı ildə Krımda, SSRİ-nin qabaqcıl məktəblilərinin dincəldiyi Artek pioner düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa edib. Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib.

14 yaşından məqalələr də yazıb, 1990–1992-ci illərdə "Kirpi" jurnalının, 1993–1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. Reper kimi ilk səhnə çıxışı 1991-ci ilin iyulun 28-də Azərbaycan Dövlət Mahnı Teatrında olub. Özünün sözlərinə görə, ilk çıxışları cəmiyyət tərəfindən qarışıqlı qarşılanıb:

"Səhnəyə ilk dəfə rep gətirdim. Bu, insanlar tərəfindən gözəl qarşılansa da, bəzi mental dəyərləri qabardan insanlar da var. Hətta Əmircan Mədəniyyət sarayında bizi pomidor atəşinə tutublar. Çünki sizin dediyiniz kimi bu, ilk sayılan repə qarşı vətəndaşların bir-birinə uymayan fərqli mövqeləri idi."

1992-ci ildə "Canlı klip şou" rep bəstəsini ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısıyla populyarlıq qazanıb. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Bakı Dövlət Sirkində çıxıb. Azərbaycan KİV-ləri Anar Nağılbazı "Azərbaycan repinin atası" kimi işıqlandırıb.

1997-ci ildə ilk albomu işıq üzü görüb. Həmin ildə "Bakı oğrusu" bədii filmini çəkib. 2012-ci il iyulun 2-də Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.

Sonra həyatını sındıran o hadisə olub. Təfərrüatına varmayacağam. Özünü müdafiə etməkdə aciz qalıb. Tədricən, sbu depressiv, məyus, məğlub halı səhhətində də əks olunub. Serrozdan əziyyət çəkib...

Anar Nağılbaz 2018-ci il avqustun 4-də işdən evə qayıdandan sonra vəziyyəti pisləşib. Ailəsi ona təcili yardım maşını çağırsa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib.  Cəmi 42 yaşında.

Azərbaycan mətbuatında repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi nəticəsində daxili qanaxma kimi qeyd olunub.

Sənətçi Masazır qəbiristanlığında torpağa tapşırılıb.

 

Diskoqrafiya

1. Sənə nə var, alə mən nə bilirəm (Remix)

2. Dovşan və canavar

3. Sadə qız və dəli (feat. Eka)  

4. Hakimə məktub

5. Xatirə

6. Hacı Məmməd (Remix)       

7. Son görüş

8. Alo-alo" 

9. Leyla və Məcnun

10. Eh, deyəcəksən ki...(Remix)       

11. Əlibala dolana bilir (Remix)

12. Bahar gəlir, əzizim

13. Qəribə həyat

14. Gəl gülüm - Come baby

 

Filmoqrafiya

- Bakı oğrusu — Anar

 

Həyat bax beləcə qəddardır. Ucaldır da, ucalıqdan yerə çırpır da.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.