İnci Məmmədzadə, “Ədəbiyyt və incəsənət”
28 iyul günündə dünyadan köçən ünlülərdən biri də Azərbaycan Respublikasının xalq artisti Tələt Qasımovdur. Gözəl səs tembrinə malik müğənninin lent yazıları hələ də sevilə-sevilə dinlənilir.
Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl edib və mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənətinə gəlib.
O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirib. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınıb. Tələt Qasımovun repertuarı zəngindir.
O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılıb. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan Tələt Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirib. "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanıb.
O, uzun illər "Azərkonsert" Birliyinin solisti olmuş, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində–Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil edib. Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olub.
O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)