İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Düzgün kommunikasiya vasitələri tapmaq və onlardan istifadə bacarığı dirijorların orkestri idarə etməsinin əsasıdır
Əyyub Quliyev
Bu gün görkəmli tarzən, Azərbaycan SSR xalq artisti Ramiz Quliyevin oğlu Əyyub Quliyevin doğum günüdür.
Baş drijor Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olub. İlk musiqi təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedib. Gənc sənətkar musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.
2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil alıb. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirib. Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə edib.
Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayıb. Dirijor 2010-cu ildə Taskanini Beynəlxalq müsabiqəsində də iştirak edib. Nüfuzlu müsabiqənin qalibi sənəd verən 170 nəfər arasından Əyyub Quliyev seçilib. Beynəlxalq müsabiqələr laureatı Quliyev 2013-cü ilin iyul ayında Rusiyada keçirilən Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının Skryabin adına böyük zalında Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunan Beynəlxalq musiqi festivalında iştirak edib.
O, Raxmaninov beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır. O, bu festivalda Safonov adına Federal Filarmonik orkestri ilə birlikdə çıxış edib. 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri vəzifəsinə təyin edilib.
Mükafatları
- 11 dəfə Prezident mükafatı
- "Azərbaycanın Əməkdar artisti" fəxri adı
- Macarıstanın ən yüksək dövlət mükafatı olan "Qızıl Xaç" ordeni
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(26.07.2025)