İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi tarixində qalmaq üçün bənzərsiz ifalar, hədsiz populyarlıq, qazanılan ad və mükafatlarla yanaşı, bu sahəyə bilavasitə xidmət göstərmə də əsas yer tutur. Məsələn, hansısa musiqi qrupu, ansambl yaratmaq kimi.
Haqqında bəhs edəcəyim və bu gün doğum günü olan şəxs bu qəbildəndir.
Azərbaycan Respublikasının əməkdar artisti Elxan Şıxəliyev 21 iyul 1951-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində, Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.
İndi isə gələk söhbətimizin kulminasiyasına: 1973-cü ildə Elxan Şıxəliyev 10 nəfərdən ibarət "Aşıqlar qrupu” dövlət vokal instrumental ansamblını yaradıb. Qrup 1973-cü ildə Bakıda keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasında birinci yerə layiq görülüb.
Bu, “Aşıqlar qrupu”nun iştirak etdiyi ilk festival olub.
1979-1980-cı illərdə Elxan Şıxəliyev Rəşid Behbudov ilə bərabər Mahnı Teatrında çalışıb, 1989-cu ilədək bir çox konsert proqramlarında bərabər çıxış ediblər.
Qrup Azərbaycan musiqi dünyasında dördüncü peşəkar qrup olub. (Daha öncələr yaradılmış məşhur “Qaya” və “Sevil” qrupları yəqin yadınızdadır).
1989-cu ildə qrup dağılıb, 1997-ci ildə isə yenidən bərpa olunub. 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışları olub.
Elxan Şıxəliyev 16 sentyabr 2006-cı il tarixində "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)