İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O qədər bayağı musiqi təbliğ olunur ki, elitar musiqi ilə rastlaşanda könlümüz sevinir. Belə musiqininn bir təbliğatçısı barədə danışmaq istəyirəm, bu gün onun doğum günüdür.
Azərbaycan Respublikasının əməkdar artisti Emil Əfrasiyab 27 iyun 1982-ci il tarixində Bakı şəhərində anadan olub. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa edib, caz musiqisinə 13 yaşından maraq göstərib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alıb.
Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil edib. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülüb.
2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış edib. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif edib.
30 may 2020-ci il tarixində Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü qeyd etmək üçün virtual olaraq toplaşıb. Fond tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə “Emillə nahar” adlı caz konsert proqramı hazırlayıb. “Emillə nahar” əsəri Emil Əfrasiyabın orijinal əsərlərini, xalq mahnılarının aranjimanlarını, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə və başqalarının əsərlərini əhatə edib.
Emil Əfrasiyab Monterey Jazz Festivalında (ABŞ) Azərbaycanı təmsil edib. Monterey Caz Festivalı Kaliforniyanın Monterey şəhərində keçirilən illik nüfuzlu musiqi festivalıdır, 3 oktyabr 1958-ci ildə təsis edilib.
Mükafatları
- Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 20 dekabr 2011-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
- 2 dəfə Prezident Mükafatına layiq görülüb
“Ədəbiyyat və incəsənət”
(27.06.2025)