İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanlı reper Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurub. 2014-cü ildə İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirməyib. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞ-da yaşayır.
Orxan Zeynallı musiqi fəaliyyətinə AiD təxəllüsü ilə 2007-ci ildə başlayıb. Dostları, o cümlədən özündən 2 yaş böyük olan qardaşı – sonradan reper və yazıçı kimi məşhurlaşan, Qaraqan təxəllüslü qardaşı Elxan Zeynallı ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Albom Türkiyənin İstanbul şəhərində çap edilir. 2011-ci ildə albomun adını daşıyan ilk solo konsertdən sonra, "Bəlkə də Nə Vaxtsa" klipi dinləyicilərə təqdim olunur. İlin sonlarına doğru sonradan Azərbaycan rep tarixinin ən populyar mahnıları siyahısına daxil olan "Hekayəm" və "Karusel" mahnılarına çəkilmiş kliplər də kütlənin ixtiyarına verilir. Bu iki klip YouTube-da 1 milyon baxış sayını keçən ilk iki Azərbaycana məxsus rep klipidir.
2012-ci ilə rəsmən solo fəaliyyətə başladıqdan sonra, ilk olaraq "Mavi Qızılgüllər" klipi təqdim olunur və bu "Yaş Gəlir" albomunun ilk sinqlı olur. 16 Dekabr 2012-ci ildə "5 Günlük Dünya" adlı solo konsert keçirilir və elə oradaca "Yaş Gəlir" albomu satışa çıxır. Bu albomdan bir çox trek (Ürəyimin Səsi, Mənim Şəhərim, Verdiyim Sözlər, 5 Günlük Dünya, Bəlkələr, Doğma Mahnılar) bu günə qədər konsertlərdə böyük maraqla qarşılanır və dinləyicilər tərəfindən bəyənilir. Albomun trekləri YouTube-da müxtəlif kanallardan təqdim olunaraq toplam 10 milyona yaxın baxış sayı toplayır.
2013-cü ildə Orxan Zeynallı Amerikanın məşhur musiqi produseri olan Onree Gill tərəfindən hədiyyə olunmuş musiqiyə "Satılmış Səhnələr" adlı mahnı hazırlayır və "Auto Azerbaijan"ın dəstəyi, Ceyhun İbrahimoğlunun rejissorluğu ilə parçaya klip çəkilir. Bu klip Orxan Zeynallının yeni formatda hazırlanmış ilk Jazz Center konsertində pərəstişkarlara təqdim olunur. Konsertin doğurduğu maraqdan dolayı, bir neçə ay sonra "Böyük Ümidlər" adlı növbəti Jazz Center konserti təşkil olunur və biletlər konsertdən 1 həftə öncə tam olaraq satılmış olur.
2014-cü ildə dinləyicilər tərəfindən "Əfsanəvi Track" adlandırılan və bir çoxlarının ən sevimli parçasına çevrilmiş "Yadımda Deyilsən" mahnısı təqdim olunur və sentyabr ayında "Dəyişir Həyat" adlı konsertlə ilə yekun vurulur.
Bu illər ərzində təqdim olunmuş albomlar və mahnıların hesabatı olaraq 2015-ci ilin Aprel ayında Jazz Centr-da #40 track sloqanı ilə hesabat konserti keçirilir və yeni mərhələyə qədəm qoyulur. İlin sonlarına doğru "Dərində" adlı klipin təqdimatı ilə qarşıdan gələn böyük konsertin ilk addımları atılmış olur.
2016-cı il böyük səs-küy və maraqla qarşılanan "Şərbət" klipi ilə başlayır və ən böyük solo konsertin, həmçinin sayca 3-cü, "Qravitasiya" adlı albomun anonsu verilir. Konsert Bakının 5 ulduzlu otellərindən biri olan "Kempinski Hotel Badamdar"-da keçirilir və toplam 500-dən çox kütlə toplayır. Bu konsert səhnə tərtibatı, effektlər və təşkilatçılıq baxımından son illərin ən keyfiyyətli rep layihələrindən biri hesab olunur.
Konsert bitdikdən dərhal sonra, Orxan Zeynallı albomları imzalayaraq dinləyicilərə təqdim edir. Bu, Orxanın dinləyiciləri ilə son görüşü olur. Bir neçə ay sonra "Nil" klipi də təqdim edildikdən sonra, Orxan ABŞ-yə köçür və musiqi fəaliyyətinə bir müddətlik ara verir.
Kliplər
Bəlkə Də Nə Vaxtsa
Hekayəm
Karusel
Mavi Qızılgüllər
Beş Günlük Dünya
Mənim Şəhərim
Satılmış Səhnələr
Dəyişir Həyat
Dərində
Şərbət
Nil
Atalar və oğullar
40-cı Paralel
Vecsiz
AiD&Röya Miriyeva — Bulud
AiD&AİSEL — Səma
“Ədəbiyyat və incəsənət”
(05.06.2025)