İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan SSR xalq artisti, baletmeyster Maqsud Məmmədovun doğum günüdür. Biz mədəniyyət xadimləri deyəndə üzdə olan, ekran-efirdən qopmayan beş-on müğənnidən başqa heç kəsi tanımamaqda israrlıyıq, bunun da sonu yaxşı heç nə vəd etmir.
Gəlin bir savab iş görək, bu gün bir ünlü balet ustamızı tanıyaq.
Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib.
Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.
Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu onun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında iştirakçı olub.
1972–1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib. Xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşıdır.
Təltif və mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
"Şöhrət" ordeni
"Teatr Xadimi" qızıl medalı
Filmoqrafiya
- Doğma xalqıma
- Dədə Qorqud
- Qayınana
- Yeddi gözəl
- Qərib cinlər diyarında
- Bəyin oğurlanması
- Bir qəlbin iki dastanı
Quruluş verdiyi baletlər
Rəfiqə Axundovayla birgə
1. Xəzər balladası
2. Qobustan kölgələri
3. Yallı (balet) xoreoqrafik miniatürü
4. Ləzgihəngi (balet) xoreoqrafik miniatürü
5. Azərbaycan süitası
6. Kaleydoskop
7. Muğam xoreoqrafik miniatürü
8. Üç inqilab
9. İldırımlı yollarla
10. Yeddi gözəl
11. Babək
Bu gün görkəmli balet ustasının düz 96 yaşı tamam olur. Allah xeyirli ömür nəsib etsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(30.05.2025)