Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, orkestrə Murtuza Bülbül dirijorluq edib. İlk olaraq səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif əsərlər səslənib.
Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib ki, bu gün festivalda dahi Bülbülün, sevilən sənətkarlarımızın, bəstəkarlarımızın ifaları səsləndirilib.
“Bu 30 il ərzində hər zaman deyirdim ki, böyük sənətkarlarımız – xüsusən də Şuşadan çıxan sənətkarlarımız narahat idilər. Bildiyiniz kimi, işğal dövründə iki dəfə Şuşada olmuşam və bu mənim üçün çox çətin idi. Şəxsən atamın yurdunu, evini bu vəziyyətdə görmək çox ağır olub. Şükürlər olsun ki, artıq bütün bu çətinliklər geridə qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin”, - deyə P.Bülbüloğlu qeyd edib.
Daha sonra Xalq artisti Mənsum İbrahimovun ifasında muğam və xalq mahnılarımız təqdim olunub.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.
Bu il festivalın birinci günündə müxtəlif ölkələrdən gələn ifaçıların iştirakı ilə açılış konserti olub, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(25.05.2025)