“Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinə SÖZARDI Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Avstriya təmsilçisi JJ İsveçrənin Bazel şəhərində keçirilən 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi oldu. Favoritlər arasında dərhal yer alan 24 yaşlı JJ (əsl adı Yohannes Pieç) "Wasted Love" adlı balladası ilə həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanaraq, ümumilikdə 436 xalla birinci yeri tutdu.

Final mərhələsində ümumi nəticələrə görə, ikinci yerdə İsrail (357 xal), üçüncü yerdə isə Estoniya (356) qərarlaşdı.

 

Əlbəttə ki, Azərbaycan bu il uğursuz çıxış elədi, təmsilçimiz "Mamagama" qrupu final mərhələsinə adlaya bilmədi. Belədə, final mərhələsində Azərbaycan münsiflərinin verdiyi səslərdən bəlli oldu ki, favoritimiz İsrail təmsilçisidir. Bizimkilər İsraili təmsil edən Yuval Rafaelə maksimum olan 12 bal verdilər. Lakin digər ölkələrdən heç biri bzizm münsiflərlə həmrəy olmadı və yəhudi ifaçıya aşağı bal verdi, beləcə də Avstriya təmsilçisinin önə keçməsinə səbəb oldular.

Azərbaycan digər finalçılara nə qədər xal verdi?

Cədvələ baxaq:

1.İsrail -12 bal

2.Avstriya -10 bal

3.Estoniya -8 bal

4.Albaniya -7 bal

5.Norveç – 6 bal

6.Finlandiya -5 bal

7.Ukrayna-4 bal

8.İsveç- 3bal

9.Fransa -2 bal

10.Malta-1 bal.

Beləcə, nə öz təmsilçimiz ümidlərimizi doğrultdu, nə də favoritimiz qalib ola bildi. Builki müsabiqə bizimçün əlbəttə ki, qara kabus oldu.

 

Təmsilçimizin finala adlaya bilməməsi, razılaşın ki, biabırçılıq hesab edilə bilər, çünki, bəlkə də dünyanın heç bir guşəsində bu müsabiqəyə bizdəki qədər diqqət ayrılmır.

Adam az qalır, bizim təşkilatçılardan soruşsun, axı "Mamagama"nın Bazeldə nə iti azmışdı?

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.