ABŞ-da Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən IX “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilir Featured

ABŞ-də ənənəvi təşkil olunan IX “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi bu dəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı müsabiqənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, müsabiqədə müxtəlif yaş qruplarından olan peşəkar və həvəskar musiqiçilər iştirak edə bilərlər. İlk olaraq namizədlər müsabiqənin veb səhifəsində qeydiyyatdan keçməli, ifa etdikləri əsərləri təşkilatçılara video formatda onlayn göndərməlidirlər. Qalibləri müxtəlif nominasiyalar üzrə məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Seçilən iştirakçılar cari ilin noyabr ayında Nyu Yorkun Karneqi zalında keçiriləcək Qala konsertdə çıxış edəcəklər. Bundan əlavə, qaliblərin bəziləri Avropanın geniş auditoriyalarına çıxış imkanı qazanacaqlar.

Qala konsert Florida Azərbaycan - Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunmuş müsabiqə hər il keçirilir. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru Pərvin Muradov (tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı), Kay Lang, Vivian Fang Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminovadır. Müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaq, təkmilləşdirməsinə dəstək göstərmək, eləcə də zəngin musiqi mədəniyyətimizi təbliğ etməkdir.

Müsabiqə barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

https://www.floridakeyscompetition.com/

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.