Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” adlı müəllif gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə tədbirin ideya müəllifi, Qabaqcıl Təhsil işçisi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova, professor, "Etnomusiqişünaslıq" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış ediblər.
Məmmədağa Umudov ona ünvanlanan sualları cavablandıraraq maraqlı fikir mübadiləsi zamanı öz yaradıcılıq yolundan, müəllifi olduğu "Qarabağ Azərbaycandır", “İncinin arzuları”, "Qələbəyə doğru" əsərlərindən, “Prelüdlər”in yaranmasından söhbət açıb.
Sözügedən əsərləri Respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının konsertmeysterləri Rəna İmanova (fortepiano), Aysel Şahbazlı, magistr Samir Əsədli (tar), AMK- nın nəzdində İncəsənət Gimnaziyasının şagirdi Cəlalə İsmayılzadə (violonçel) səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2025)