İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Onun rəsmi adı və soyadı belə idi: Nağıyev Abbas Ələkbər oğlu. Sözün həqiqi mənasında unudulanlardandır. Həm də elə unudulanlardandır ki, nə anadan olduğu gün, nə ölüm tarixi dəqiq məlum deyil. Heç şəklini də tapmaq mümkün olmadı. Halbuki bir zamanlar çox məşhur idi. Ölkənin tütək, zurna və klarnet ifaçıları arasında böyük hörməti vardı, ifalarını sevə-sevə dinləyirdilər.
L.Azərinin “Mədəniyyət” qəzetinin 18 mart 2022-ci il tarixli sayında dərc olunmuş “Unudulmaz balaban ustası və ifaçısı” məqaləsində ölkənin tanınmış balaban ustadları sırasında Əli Kərimov, Bəhruz Zeynalov, Məmmədnaib Hacıyev, Mübariz Atayev, Həsrət Hüseynov, Ağasəf Seyidov və başqaları ilə yanaşı Abbas Nağıyevin də adı çəkilir.
Abbas 1932-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdu. İlk təhsilini Yaqublu kənd ibtidai məktəbində almışdı.
Uşaq ikən atasını itirmiş, anası Ballının himayəsində qalmışdı. Ballı arvad ona həm ana, həm də ata olmuşdu. Çox vaxt onu “Ballıoğlu” deyə çağırardılar. Uşaqlıq və gənclik illəri maddi ehtiyac içərisində keçmişdi.
Tütək və zurna çalmağı atalığı Əlyar kişidən öyrənmişdi. Həmyaşıdlarının dediyinə görə, atalığının tütək və zurnasını, özünün qamışdan düzəltdiyi tütəyi əlindən yerə qoymazmış.
1940-cı illərdə TPM-də (texniki peşə məktəbində) oxumaq üçün Bakıya göndərilmişdir. Həmin vaxtdan da orada məskunlaşmışdır.
Sənətə - musiqiyə olan sevgi və həvəs onu Bakının qaynar mədəni mühitinə cəlb etmişdi. Bir sıra tanınmış müğənni və ifaçılarla (Ə.Dadaşov, H.Bayramov, A.Əliyev, T.İsmayılova, Ə.Əliyev, Ş.Ələkbərova, V.Qədimov və b.) yaradıcılıq əlaqəsi saxlamış, çoxlu toy və məclislər keçirmişdir.
O, balaban və tütək alətləri hazırlayan, eyni zamanda bu alətlərdə ifa edən, müşaiyətinə dövrün tanınmış klarnet ifaçılarının xüsusi önəm verdikləri məşhur Məmmədnaib Hacıyevlə yaxından dostluq etmişdir.
Abbasın Nuxa (Şəki) musiqiçiləri ilə də sıx əlaqəsi olub. Deyilənə görə, o, məşhur zurnaçı şəkili Ələfsərlə də dostluq edirmiş. Şəkili Ələfsər Abbasın ölümündən bərk sarsılmış və düz 40 gün heç nə çalmamışdır.
Abbas gözəl ifaçılıq məharətinə malik idi. Tütək, zurna və klarnetdə ifa etdiyi melodiyalar 1960-cı illərdən etibarən Azərbaycan radiosunda səsləndirilməyə başlanmışdır. Mən özüm şəxsən ötən əsrin 70-ci illərində onun radiodakı ifalarına dəfələrlə qulaq asmışam. Çox güman ki, həmin ifalar hələ də radionun arxivində - fondunda qalır.
Bakı şəhər Sovetinin YSM tərəfindən val yazısı buraxılmışdır. Valda T.İsmayılovanın oxuduğu mahnılarla yanaşı Abbasın "Şirvan şikəstəsi” xalq melodiyası da verilmişdir. Burada onu balabanda E.Abdullayev, nağarada A.İmanov müşaiyət edirdi. (20-22 il bundan əvvəl həmin val yazısı məndə idi. Dinləmək üçün başqalarına verdim. Amma qaytarmadılar. Kimə verdiyimi də yada sala bilmirəm. Beləcə val yazısı it-bat oldu)
A.Nağıyev qısa bir müddət Oğuz Rayon Mədəniyyət Evində də işləmişdir.
O, doğma kəndi ilə əlaqəsini heç vaxt kəsməmişdir. Kəndə gələndə çox vaxt qohumu, kolxoz sədri A.İsmayılovun evində qalardı. Kənd sakinlərindən D.İsmayılov, Q.Rzayev, A.Verdiyev, Ə.İsayev, S.Kazımov, məşhur zurna ustası V.Musayevlə yaxın dost idi. Onun kənddə keçirdiyi toylar hələ də çoxlarının yadından çıxmayıb. “Ballıoğlu”- Abbas çalanda bütün məclis sükuta qərq olar, rəqs edənlər həzin musiqinin müşaiyəti ilə süzməkdən yorulmazdılar.
Abbas öz ilhamını doğma kəndi Yaqublunun saf, Güllüdağın gül qoxulu havasından, andına-inamına, sədaqətinə bütöv adamlarından alırdı. AYB-nin, Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü, “İncəsənət” qəzetinin redaktoru, Mədəniyyət və incəsənət Universitetinin müəllimi olmuş mərhum Ə.İbrahimov Abbas haqqında danışanda deyərdi ki, “onun ifalarını hər dəfə dinləyəndə yadıma Yaqublunun gün altındakı göy əski kimi ağarıb, rəngi kürən atların yalına çalan, sürtülüb köhnəlmiş sədəfə oxşayan torpağı düşür”.
Abbas Nağıyev 1970-ci illərdə Bakı şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.
Qeyd: Yazının əvvəlində qeyd etdiyimiz səbəbə görə yazımıza Abbasın şəklinin yerinə onun anadan olduğu doğma kəndinin şəklini qoyduq.
“Ədəbiyyat və incəsənət”
(02.05.2025)