Tbilisidə azərbaycanlılara aid rəssamlıq dərnəyi fəaliyyətə başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində peşəkar rəssam, Gürcüstan Milli Rəssamlar Akademiyasının üzvü Elman Qurbanovun rəhbərliyi ilə rəssamlıq dərnəyi fəaliyyətə başlayıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Mərkəzin icraçı direktoru Rəna Hüseynova gənclərin təsviri sənətə və xüsusilə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında təhsil almağa marağının artdığını, onların peşəkar hazırlığına dəstək məqsədilə rəssamlıq dərnəyinin fəaliyyətinin yenidən təşkil edildiyini bildirib. Həmçinin gələcəkdə dərnək üzvlərinin əl işlərindən ibarət sərgilərin keçirilməsinin və onların müxtəlif incəsənət layihələrinə cəlb olunmasının da planlaşdırıldığını diqqətə çatdırıb.

Dərslər nəzəri və praktiki formada keçirilir. Tədris proqramına təsviri sənətin əsasları, akademik rəsm, akademizm, kompozisiya, rəngkarlıq və müxtəlif rəng texnikaları daxildir.

Dərnəyin rəhbəri Elman Qurbanov məşğələlərdə gənclərin yaradıcı təfəkkürünün və fərdi bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, incəsənət yönümlü ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər üçün xüsusi hazırlıq proqramının tətbiq edildiyini bildirib.

Məşğələlərdə iştirak etmək istəyənlər aşağıda qeyd edilən əlaqə vasitələrinə müraciət edə bilərlər:

Ünvan: Tbilisi şəhəri, Kazbeki prospekti 44, 6-cı mərtəbə.

Tel.: +995 574 75 75 77.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.