Şəbnəm Nəbiyeva,
Azərbaycan Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə məzunu.
“Ədəbiyyat və incəsənət”
Mikayıl Abdullayev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, xalq rəssamı, Dövlət mükafatı laureatı, professor və pedaqoq olmuşdur. Rəssamın yaradıcılığında Azərbaycan təbiəti, xalqının həyatı, tarixi və milli-mənəvi dəyərləri mühüm yer tutur. Rəssamın öz sözləri ilə desək: “Azərbaycan, doğma vətənim, mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmaram, doymaram”.
O, dəzgah rəngkarlığı və qrafikası, teatr-dekorasiya sənəti, monumental rəngkarlıq və digər təsviri sənət sahələrində mühüm nailiyyətlər əldə etmişdir.
Rəssam 1921-ci il dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almış, burada görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılıq təsirindən bəhrələnmişdir.
1949-cu ildə təhsilini davam etdirmək məqsədilə Moskvaya getmiş və V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Burada Sergey Gerasimovun emalatxanasında rəngkarlıq sənətinin incəliklərini mənimsəmişdir. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində onun yaradıcılığında – plakatlarda dövrün ictimai-siyasi hadisələri, alman faşizminə qarşı mübarizə və sovet əsgərlərinin qəhrəmanlığı öz əksini tapmışdır.
Müharibədən sonra Mikayıl Abdullayev Moskvada təhsilini və yaradıcılıq fəaliyyətini davam etdirmiş, görkəmli rəssamlardan sənətin müxtəlif istiqamətləri üzrə yararlanmışdır. Onun rəngkarlığında ümumiləşdirmə, formanın bütövlüyü, əsas ideyanın ön plana çıxarılması, şərtilik və ifadəlilik mühüm xüsusiyyətlərdən olmuşdur. Rəssam yaradıcılığında insanın mənəvi aləmini, sevinc və kədər kimi emosional vəziyyətlərini, gündəlik həyatını və ictimai mühitini təsvir etməyə xüsusi diqqət yetirmişdir.
Əsərlərində tematik kompozisiyalar, Azərbaycanın müxtəlif bölgələrinin mənzərələri, xalqın əmək həyatı, dövrün tanınmış şəxsiyyətlərinin portretləri və tarixi mövzular geniş yer tutur. Onun yaradıcılığında lirik xarakter üstünlük təşkil edir. Azərbaycan təbiətini yalnız zahiri görünüşü ilə deyil, onun emosional və poetik mahiyyətini də ifadə etməyə çalışmışdır. Bu baxımdan peyzaj, portret və natürmort janrlarında yaratdığı əsərlər xüsusi əhəmiyyət daşıyır.
Mikayıl Abdullayevin yaradıcılığının erkən mərhələsini xarakterizə edən əsərlər sırasında “Saqqallı kişi” adlı naturadan portreti xüsusi qeyd etmək olar. 1950-ci ildə çəkilmiş bu əsərdə akademik rəngkarlıq ənənələrinin təsiri aydın görünür. Bununla yanaşı, onun yaradıcılığının sonrakı mərhələlərində impressionizmə yaxın yanaşmalar müşahidə olunur. Surikov adına institutda təhsil aldığı dövrdə yaratdığı “Çılpaq etüd” əsərində bu xüsusiyyətləri daha aydın şəkildə görmək mümkündür.
Rəssam Macarıstan, Hindistan, Əfqanıstan və digər ölkələrə səfər etmiş, bu səyahətlər zamanı gördüyü təbiəti, memarlıq nümunələrini, insanların məişətini və milli xüsusiyyətlərini əsərlərində əks etdirmişdir. Məsələn, “Racastan qadınları”, “Əfqan qadını” kimi əsərlərində rəssam geyim, xarici görünüş, məişət mühiti və digər etnoqrafik detallar obrazların milli xarakterinin açılmasına xidmət edir.
Rəssamın Hindistan səfərləri yaradıcılığında xüsusi mərhələ təşkil edir. Hindistan mövzusunda yaratdığı tematik kompozisiyalarla yanaşı, miniatür sənətinə yaxın incə xəttlər, memarlıq abidələrinin detallı təsviri və yerli əhalinin məişət həyatının geniş şəkildə təqdim olunması diqqəti cəlb edir.
Bunun əksinə olaraq, Rusiyanın müxtəlif şəhərlərinə, o cümlədən Saratov və Həştərxana həsr olunmuş peyzajlarda daha yüngül və sakit bədii ifadə müşahidə edilir. Bu əsərlərdə hava perspektivindən geniş istifadə olunması, məkanın dərinliyinin və atmosferin təsvirinə xüsusi diqqət yetirilməsi xarakterikdir. Həmin əsərlərdə əsasən akvarel texnikasından istifadə etmişdir. Akvarelin şəffaflığı və rənglərin yumşaq keçidləri Rusiyanın təbiətinin sakit və zərif xarakterinin ifadəsi üçün uyğun bədii vasitə olmuşdur.
Əsasən yağlı boya ilə işləsə də, boyanı kətan üzərinə çox nazik qatlarla tətbiq edirdi. Nəticədə əsərlərində akvarel təsirini xatırladan yüngül və şəffaf kolorit yaranırdı. Bu xüsusiyyət onun rəngkarlıq üslubunun fərqləndirici cəhətlərindən biri hesab olunur.
Rəssam Hindistanın görkəmli siyasi xadimi İndira Qandinin naturadan portretini də çəkmişdir. İndira Qandi ilə bir neçə dəfə görüşən rəssam onun obrazını canlı müşahidələr əsasında təsvir etmişdir. Hindistanın mədəniyyətinə və xalqının həyatına həsr etdiyi əsərlərə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür.
Rəssamın yaradıcılıq irsi yalnız Azərbaycan və Hindistan mövzuları ilə məhdudlaşmır. O, Polşa, İtaliya və digər ölkələrə səfərləri zamanı müxtəlif mövzulara müraciət etmiş, həmin ölkələrin təbiətini, memarlığını, insanlarını və gündəlik həyatını əsərlərində əks etdirmişdir.
Mikayıl Abdullayev yalnız xarici ölkələrə deyil, Azərbaycanın müxtəlif bölgələrinə də səfərlər etmiş, ölkəni qarış-qarış gəzərək xalqın həyatını, məişətini və milli xüsusiyyətlərini yaxından müşahidə etmişdir. Bu səfərlərin nəticəsində Azərbaycan qadınlarının əmək həyatını əks etdirən çoxsaylı tablolar meydana gəlmişdir. “Lənkəran qızları”, “Masallı qızları”, “Xaçmaz qızları” və digər əsərlərində Azərbaycan qadınının əməksevərliyi, canlılığı ön plana çəkilir. Rəssam məhz Azərbaycan xalqının həyatını və əmək fəaliyyətini əks etdirən əsərlərinə görə Dövlət mükafatına laureatına layiq görülmüşdür.
İnsanlarla ünsiyyət qurmaq və müxtəlif mühitlərdə olmaq rəssam üçün vacib idi. O, həyatı olduğu kimi təsvir etməyə, hadisələri süni şəkildə ideallaşdırmaqdan və şişirtməkdən çəkinməyə çalışırdı. Bu səbəbdən onun əsərləri realist müşahidə və həyatiliyi ilə seçilir.
1958-ci ildə yaratdığı “Sevinc” əsəri diqqətəlayiq nümunələrdən biridir. Əsər Brüsseldə keçirilən ümumittifaq sərgisində nümayiş etdirilmiş və gümüş medala layiq görülmüşdür. Bu uğur Azərbaycan rəssamlığının beynəlxalq sənət mühitində tanınması baxımından əhəmiyyətli hadisələrdən biri hesab edilir.
Rəssamın əsərləri hələ 1947-ci ildən ümumittifaq sərgilərində nümayiş etdirilmişdir. Həmin dövrdə onun “Axşam” əsərinin sərgidə iştirakı yaradıcılıq fəaliyyətində mühüm mərhələ təşkil etmişdir. Çoxfiqurlu tematik kompozisiya olan bu əsərdə müharibədən sonra insanların yenidən dinc həyata qayıtması mövzusu öz əksini tapmışdır. Əsərin kompozisiyasında insan obrazlarının qarşılıqlı münasibəti, gündəlik həyatın sakit ritmi və müharibədən sonrakı həyatın mənəvi atmosferi əsas yer tutur.
Sənətkar yalnız rəssamlıq fəaliyyəti ilə deyil, ədəbi-publisistik yaradıcılığı ilə də tanınmışdır. O, müxtəlif dövri nəşrlərdə incəsənət və sənətkarlar haqqında çoxsaylı məqalələr dərc etdirmişdir.
Rəssamın həyatının maraqlı məqamlarından biri də onun Əzim Əzimzadə ilə münasibətləri olmuşdur. Müharibə illərində gənclərin hərbi xidmətə çağırıldığı bir dövrdə Əzim Əzimzadənin Mikayıl Abdullayevi müdafiə etdiyi və onun hərbi xidmətə çağırılmaması üçün məsələ qaldırmışdı. Bu hadisə Əzim Əzimzadənin gənc rəssama olan münasibətini və ona göstərdiyi qayğı və himayəni nümayiş etdirən mühüm faktlardan biri kimi qiymətləndirilə bilər.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olur. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və digər təhsil müəssisələrində rəssamlıq fənlərini tədris etmiş, gənc rəssamların peşəkar hazırlığında mühüm rol oynamışdır. Uzun illər ərzində gənc rəssamların yetişdirilməsi ilə məşğul olmuş, öz bilik və təcrübəsini tələbələrinə ötürmüşdür. Onun ətrafında formalaşan yaradıcı məktəb sonrakı dövrlərdə Azərbaycan boyakarlığın inkişafına təsir göstərmişdir. Tələbələri müxtəlif istiqamətlərdə fəaliyyət göstərərək Azərbaycan təsviri sənətinin inkişafında iştirak etmişlər.
XX əsrin 40-50-ci illərində Azərbaycan portret sənətinin özünəməxsus xarakterik xüsusiyyətləri formalaşmışdı. Bu dövrün portretlərində əsas diqqət cəmiyyətin ictimai və mədəni həyatında fəal iştirak edən, müasir quruculuq prosesində mühüm rol oynayan şəxsiyyətlərin obrazlarına yönəldilirdi. Mədəniyyət xadimləri, elm və ədəbiyyat nümayəndələri, əmək adamları və ictimai xadimlər portret janrının əsas təsvir obyektlərinə çevrilmişdilər. Mikayıl Abdullayevin portret yaradıcılığı da həmin dövrün bu ümumi xüsusiyyətləri ilə əlaqəli şəkildə inkişaf edir.
Mikayıl Abdullayev əsasən tematik tablolar ustası kimi tanınır. Bununla yanaşı, onun yaradıcılığında portret janrı da mühüm yer tutur. Rəssam portretlərində yalnız insanın zahiri görünüşünü deyil, onun daxili aləmini və psixoloji xüsusiyyətlərini də ifadə etməyə çalışmışdır. “Səməd Vurğun”un portreti bu baxımdan diqqətəlayiq nümunələrdən biridir.
Üzeyir Hacıbəyovun portretini naturadan çəkən ilk sənətkarlardan biri hesab olunur. Teatr və muzey ekspozisiyalarından birinin hazırlanması zamanı Üzeyir Hacıbəyovun portretinə ehtiyac yaranmış və bu iş gənc rəssam Mikayıl Abdullayevə həvalə edilmişdir. O vaxtlar Üzeyir Hacıbəyov portretinin çəkilməsinə hər rəssama razılıq verməsə də, rəssama olan rəğbəti və etimadı onun portretinin yaradılmasına razılıq vermişdir.
Mikayıl Abdullayev Üzeyir Hacıbəyovu üç dəfə naturadan təsvir etmişdir. Rəssam sonralar “Unudulmaz obraz” adlı məqaləsində Üzeyir Hacıbəyovla görüşlərini və onun portretini yaratdığı günləri həyatının ən əziz xatirələrindən biri kimi xatırlamışdır. Öz xatirələrində Niyazi, Fikrət Əmirov və Soltan Hacıbəyov kimi sənətkarların ilk dəfə məhz Üzeyir müəllimin yanında gördüyünü qeyd edib. Rəssamın yazdığına görə, Üzeyir Hacıbəyov tələbələrinə doğma övladları kimi münasibət göstərirdi.
Mikayıl Abdullayevin portret sahəsi ədəbiyyatla sıx bağlı idi. Öz əsərlərində yazıçı, şair və bəstəkar obrazlarına xüsusi yer verilməsi təsadüfi deyildir. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Nəsimi və digər mədəniyyət xadimlərinin obrazlarının yaradılması onun Azərbaycan ədəbiyyatı və musiqisi ilə sıx yaradıcılıq əlaqəsini nümayiş etdirir.Pianoçu Fərhad Bədəlbəylinin portreti də rəssamın portret sənətində mühüm əsərlərdən biridir. Bu əsərdə sənətkarın fərdi xarakteri və yaradıcı şəxsiyyəti ifadəli şəkildə təqdim olunmuşdur.
Nəsiminin obrazına müraciət edən rəssam portretin kompozisiya və koloristik həllində ziddiyyətlərdən istifadə etmişdir. Geyimdə və rəng həllində yaradılan kontrastlar obrazın mürəkkəb və dramatik xarakterini daha qabarıq göstərir.
Bununla belə, yalnız tanınmış şəxsiyyətlərin portretlərini yaratmaqla məhdudlaşmamış, sadə insanların və əmək adamlarının obrazlarına da geniş müraciət etmişdir. Rəssam müxtəlif xalqları – azərbaycanlıları, rusları, Dağıstan xalqlarının nümayəndələrini və digər insanları təsvir edərək onların fərdi və milli xarakter xüsusiyyətlərini göstərməyə həmişə səy göstərirdi. Əmək adamlarının obrazlarında isə zəhmətsevərliyi, müsbət mənəvi keyfiyyətləri və cəmiyyətdəki rolu ön plana çəkilir.
Yaradıcılığının mühüm istiqamətlərindən biri də monumental rəngkarlıqdır. Bu sahədə onun ən tanınmış əsərlərindən biri Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunmuş və Bakı Metropoliteninin “Nizami” stansiyasında yerləşən mozaika kompozisiyasıdır. Əsərin dekorativ həlli, monumental miqyası və Nizami yaradıcılığının obrazlarının təsviri onu Bakı şəhərinin tanınmış bədii simvollarından birinə çevirmişdir. Stansiyanın interyerindəki təsvirlər tamaşaçıda sanki yeraltı nağıl qalereyası təəssüratını yaradır.
Bu mozaikalar sırasında “Sultan Səncər və qarı” kompozisiyası xüsusi diqqət çəkir. Əsərdə at belində olan Sultan Səncər və qarşısında öz dərdini dilə gətirən yaşlı qadının obrazı təqdim edilib. Sultan Səncərin obrazında hökmdarlıq vüqarı, qadının simasında isə iztirab və şikayət ifadəsi nəzərə çarpır. Kompozisiya vasitəsilə Nizaminin insanpərvərlik ideyaları, ədalətsizliyə və insan biganəliyinə qarşı neqativ münasibəti vizual şəkildə ifadə olunur.
Rəssam teatr-dekorasiya sənətində də mühüm fəaliyyət göstərmişdir. Müxtəlif teatr tamaşalarının və operaların səhnə tərtibatında iştirak etmiş, Azərbaycan teatr-dekorasiya sənətinin inkişafına töhfə vermişdir. Səhnə tərtibatı verdiyi əsərlər sırasında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” və digər səhnə əsərlərini qeyd etmək lazımdır. Bəstəkar Fikrət Əmirovun onu “bəstəkar ruhlu rəssam” adlandırması da rəssamın musiqi ilə təsviri sənət arasında yaratdığı bədii əlaqənin xarakterik ifadəsi kimi qiymətləndirilə bilər.
Mikayıl Abdullayev interyerlərin bədii tərtibatında və dizaynında da iştirak etmişdir. O, müxtəlif ictimai və mədəni binaların interyerlərinin dekorativ həllinə öz töhfəsini vermişdir. Bu baxımdan “Abşeron” mehmanxanası və “Gülüstan” sarayını nəzərdən keçirmək olar.
Milli İncəsənət Muzeyinin fondunda saxlanılan “Yeddi gözəl” silsiləsində rəssam yeddi gözəlin obrazını onların milli mənsubiyyətini nəzərə alaraq təsvir etmişdir. Əsərlərdə Şərq, Məğrib, slavyan, hind, rum, Çin və fars gözəllərinin obrazları təqdim olunur. Hər bir obrazın geyimində, zahiri görünüşündə milli xarakterini vurğulamağa çalışmışdır.
Mikayıl Abdullayev kitab illüstrasiyası sahəsində mühüm nailiyyətlər əldə etmişdir. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə illüstrasiyalar hazırlamış, xüsusilə Nizami Gəncəvinin və digər klassik Azərbaycan şairlərinin əsərlərinəmmüraciət etmişdir. “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” əsərinin bədii tərtibatında iştirak etmişdir. İllüstrasiyalarda təsvirlərin məzmununu əsərin əsas ideyası ilə əlaqələndirmiş, obrazların xarakterini və hadisələrin emosional mahiyyətini rəssamlıq vasitələrlə ifadə etmişdir.
Rəssamın əsərləri yalnız Azərbaycanda deyil, müxtəlif ölkələrdə keçirilən sərgilərdə də nümayiş olunur.
Mikayıl Abdullayev yaradıcılıq fəaliyyətinə görə bir sıra yüksək fəxri adlara və mükafatlara layiq görülmüşdür. O, SSRİ xalq rəssamı fəxri adına, SSRİ Dövlət mükafatı laureatına və Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüş, professor elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan incəsənətinin inkişafındakı xidmətləri də yüksək qiymətləndirilmişdir. Azərbaycanın müstəqillik dövründə rəssam dövlət səviyyəsində təltif olunmuş və İstiqlal ordeninə layiq görülmüşdür.
2000-ci ildə baş vermiş Bakı zəlzələsindən sonra səhhətində ciddi problemlərlə üzləşmişdir. Sonrakı dövrdə ürək xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşmış və 22 avqust 2002-ci ildə vəfat etmişdir. Onun vəfatı Azərbaycan mədəniyyət və incəsənət ictimaiyyəti üçün böyük itki olmuşdur.
Rəssamın əsərləri Azərbaycan təsviri sənətinin inkişafında mühüm mərhələ təşkil edir. O, müxtəlif sahələrdə fəaliyyət göstərərək zəngin yaradıcılıq irsi yaratmışdır. Rəssamın əsərlərində realizm, ümumiləşdirmə, lirizm, dekorativlik və kolorit əsas bədii xüsusiyyətlər kimi çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(14.09.2026)


