Aleksandr Dümanın uşaqlıq dostu Ejen Delakrua Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünya rəngkarlıq tarixinin görkəmli nümayəndələrindən biri Ejen Delakruadır. Fransız xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi çox dahi bir rəssamdır o. Hər ilin bu günü kilsələrdə onun Ruhuna dualar oxunur, şamlar yandırılır. Çünki 13 avqust günü dahi rəssamın vəfatı günüdür. 

 

Ejen Delakrua Sen-Morisdə, 26 aprel 1798-ci ildə anadan olub.  Ejen Delakruanın uşaqlıq dostu Aleksandr Düma onu belə xatırlayır:  "üç yaşında Ejen asılmış, yanmış, batmış və zəhərlənmişdir". Əlavə etmək lazımdır ki, təsadüfən at yedirtmək üçün istifadə olunan arpa kisəsini boynuna dolayaraq az qalsın ki,özünü "boğmuşdur"; çarpayısı üzərindəki milçəkdən qorunmaq üçün istifadə olunan tor alovlanaraq "yanmış"; Bordoda çimərkən "boğulmuş", rəng içərək "zəhərlənmişdir".

Böyük Lüdoviq liseyində oxuyarkən Ejen rəssamlığa böyük maraq göstərib, klassik ədəbiyyat mövzusunda bilik və çəkmiş olduğu rəsmlərə görə mükafatlandırılıb. Ona bu istedadın anası Viktoriyadan keçmiş olması güman edilir. Rəssamlığa həvəsi onda dayısı oyadıb. O, hər dəfə dayısını Normandiyaya təbiət şəkilləri çəkmək üçün gedərkən müşayiət edib.

Delakrua hələ gənc ikən valideynlərini itirdikdən sonra bacısının yanına gedib. Lakin bacısının pisləşən maddi durumu Ejeni oz taleyini özü düşünməsinə vader edib. O, Pyer Narsis Gerenin emalatxanasında işləməyə başlayıb. 1816-cı ildə Delakrua Gerenin dərs dediyi incəsənət məktəbində şagird olub və burada rəssamlığın sirlərinə, çəkmə texnikasına yiyələnib. Lakin onun üçün əsl ali məktəb Luvr və rəssam Teador Jeriko ilə tanışlıq olub.

Delakruanın ilk əsəri "Dante qayığı" (1822) olub. Həmin dövrdə əsər bir o qədər də əhəmiyyət kəsb etməyib. Ona ilk uğuru 1824-cü ildə Yunanıstanın müstəqilliyi uğrunda gedən müharibəyə çəkmiş olduğu "Xios qətliamı" gətirmiş olub. Bodler bu əsəri tale və əzabın tükürpədici himni adlandırıb. Ejenin sonrakı əsəri "Sardanapalın ölümü" dövrünün tənqidçilərinə görə haray salıb, hədələyib və Allahın adından danışıb.

 

Delakrua 1830-cu ildə Burbonlar monarxiyasının bərpası rejiminə qarşı baş verən Böyük Fransa inqilabı motivləri əsasında "Azadlığa aparan xalq" əsərini yaradıb. Çoxlu hazırlıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsəyə gətirib. Delakrua qardaşına yazmış olduğu 1830-cu il 12 oktyabr tarixli məktubda yazıb: "Əgər mən vətən uğrunda döyüşməmişəmsə, onda heç olmasa onun üçün çəkərəm".

İlk dəfə bu əsər 1831-ci ilin mayında Paris salonunda təqdim olunub, dərhal dövlət tərəfindən satın alınıb. Rəssam öz sənətinə böyük ruh yüksəkliyi ilə yanaşıb. "Mənim ürəyim, – o, yazırdı – hər dəfə mən nəhəng divarla üz-üzə qalarkən, mənim fırçamın ona toxunacağını gözləyərkən ürəyim sürətlə döyünməyə başlayır". 13 avqust 1863-cü ildə rəssam boğaz xəstəliyindən əziyyət çəkərək vəfat edib

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.