Yayda qış effekti yaradan rəssam Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Yayda qartopu oyunu?

Heç yayda da qartopu oynayarlar?

Xalq şairi Vaqif Səmədoğlu dedi ki, bəli, oynayarlar, belə bir dram yazdı, tetarda bu əsər tamaşaya qoyuldu, onun səhnə tərtibatı rəssam Nazim Bəykişiyevə həvalə olundu. Və rəssam da bacarıqla yayda qış aurasını yaratmağa müvəffəq oldu.

 

Bu gün tanınmış teatr və kino rəssamının – Azərbaycanın Xalq rəssamı Nazim Bəykişiyevin doğum günüdür. Gəlin onun ömür və sənət yolunu birgə vərəqləyək.

1948-ci ilin 29 iyununda Bakıda doğulan Nazim Bəykişiyev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləyib. 1970-1975-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsinə daxil olaraq SSRİ xalq artisti Sergey Obraztsovun sinifində təhsil alıb.

Həmin təhsil ocağını bitirdikdən sonra Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləyib. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışıb.

2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Burada o, Hüseyn Cavidin "İblis" və "Afət", R.Əlizadənin "Günah", Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri", Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu", Vilyam Şekspirin "Hamlet", Elçinin "Qatil", O.İoselianinin "Kaş araba aşmayaydı" kimi səhnə əsərlərinə bədii tərtibat verib. 8 sentyabr 2025-ci ildə 77 yaşında ağciyər xərçəngindən vəfat edib.

 

Filmoqrafiya

 

- Günaydın, mələyim! (film, 2008)

 

Mükafatları

- Azərbaycan SSR dövlət mükafatı

- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.