Natürmortlarını seyr edən tamaşaçı meyvələrin rəng çalarını, güllərin təravətini sanki duyur, hiss edir Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Uzaq 1943-cü ildə Moskvada Azərbaycan rəssamlarınısərgisində nümayiş olunan "Babək" əsəriböyük şöhrət qazanmışdır. Hər kəsin diqqətini cəlb edən rəsm əsəsrinin müəllifi Mahmud Tağıyev idi.

O, müstəqillik illərində bir daha Babək obrazına qayıdaraq "Babəkin çağırışı" adlı tematik əsərini ərsəyə gətirdi. Babək sevgisi həm də ümumən xalq sevgisi, vətən sevgisi hesab edilə bilər...

 

Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurub və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır. Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırıb.

Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir edib. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam edib və xüsusi olaraq tarixi portret janrına müraciət edib

Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.

Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilib. Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənib.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- Zaqafqaziya respublikalarının 1-ci bienallının diplomu (Tbilisi, Gürcüstan SSR)

- "Müasir Azərbaycan incəsənəti" rəssamlıq müsabiqəsinin 3-cü mükafatı (BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub)

 

Rəssam barədə sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev yazır:

“M.Tağıyev istedadlı mənzərə və natürmort ustası kimi tanınır. Onun bu janrlarda yaratmış olduğu sənət əsərləri özünəməxsus bədii rəssam təxəyyülü və peşəkar işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. Şübhəsiz ki, rəssamın portret janrında yaradılmış əsərləri də onun yaradıcılığının əsas tərkib hissəsidir.

 M.Tağıyevlə Xalq rəssamı Xalidə Səfərovanı sənət yolları ilə birgə həm də ömür yolları bağlayırdı. Onlar bir ömür birgə yaşayıb-yaratmış, ölkəmizin füsunkar rayonlarına yaradıcılıq səfərləri etmiş və yaratdığı çoxsaylı əsərlərini zaman-zaman sənət adamlarının ixtiyarına təqdim etmişlər. Respublikamızda gənc rəssamların ilk qrup sərgisinin təşkili məhz M.Tağıyev və X.Səfərovanın adları ilə bağlıdır.

 1947-ci ildə açılmış sərgidə rəssamların ümumilikdə 150-dən artıq etüd, mənzərə, natürmort nümunələrinin nümayiş olunduğu qeyd edilir.

Sənətkarın portret əsərlərindən "Xalidə Səfərovanın portreti", "Avtoportret", "Qadın portreti", "Səttar Bəhlulzadənin portreti", "Səməd Vurğunun portreti", "Dünyanı qoruyaq. Oxuyur Müslüm Moqamayev", "Nizami dünyası", "Füzulinin portreti", "Dədə Qorqud" və başqalarını qeyd edə bilərik. Bu portret əsərlərinin qəhrəmanlarını nəzərdən keçirdikdə rəssamın uğurlu yaradıcılıq məharəti ilə yanaşı, onun həm də tarixi şəxsiyyətlərin, sənət adamlarının daxili mənəvi dünyalarını təcəssüm etdirmək bacarığına malik olduğunu duyuruq.

M.Tağıyevin mənzərə əsərlərindən "Ağdam mənzərəsi" (1945), "Krım. Ay-Petri" (1955), "Mingəçevir dənizi" (1957), "Mingəçevir su anbarı" (1958), "Daşkəsən. Kanat yolu" (1960), "Doğma yaylaqda" (1961), "Göyçə gölü" (1960),  "Ağrı dağı" (1961), "Quşçuluq" (1963), "Bakı, Qağayılar" (1964), "Mənim Bakım" (1971), "Turşsu" (1980) və başqalarını göstərmək olar.

Bu əsərlər bu gün bədii əhəmiyyəti ilə yanaşı, həm də özündə tarixilik, doğmalıq, təbiətə qarşı həssaslıq yaşadır. Rəssamın Qarabağa, Şuşaya, Cıdır düzünə, doğma Qarabağ təbiətinin gözəlliklərinə incə rəssam duyumu ilə yanaşaraq lirik sənət lövhələrində ustalıqla canlandırması olduqca şairanədir. Onun Qərbi Azərbaycan mənzərələri bu gün tarixi dəyər  daşıyır.

M.Tağıyev təbiəti, ilahinin yaratdığı təbii gözəllikləri və nemətləri - gülləri, ağacları, dağları, dərələri, meyvələri - sadəcə sevmirdi, həm də ilhamlanaraq, sevə-sevə kətanda tərənnüm edirdi.

 Onun çoxsaylı natürmortlarında - "Natürmort. Üzüm və meyvələr" (1957), "Çiçəklənən bağ" (1958), "Güllər və meyvələr" (1964), "Lalələr" (1965), "Ulduz çiçəkləri və meyvələr" (1965), "Bağda. Narlar" (1966), "Yemişlər və tərəvəzlər" (1966), "Azərbaycan nemətləri" (1972), "Nərgizlər" (1973) və başqalarını seyr edən tamaşaçı meyvələrin rəng çalarlarını, əlvan güllərin təravətini sanki duyur, hiss edir”.

Rəssam 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.