İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dahi rəssam Tahir Salahovun anım gününü bəzi mənbələr 20 may, bəziləri 21 may kimi göstərir. Bunun səbəbi rəssamın ayın 20-dən 21-nə keçən gecədə dünyasını dəyişməsidir. Əlbət ki biz dünənki buraxılışımızda Tahir Salahovun vəfatına toxunmuşduq. Bu günsə mövzuya yenidən qayıdırıq. Çünki rəsmən dahi rəssamın anım günü 21 may tarixi sayılır.
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V. İ. Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbinə, 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olub. 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirəndə artıq o, kifayət qədər tanınan rəssam olub.
1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində, diplom işi olan "Növbədən qayıdanlar" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak edib. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilib və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak edib.
“Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər”, “Xəzər üzərində”, “Dananın portreti”, “Xəzərdə səhər”, “Növbədən qayıdanlar”, Bəstəkar Qara Qarayevin portreti”, “Sənə, bəşəriyyət!”, “Abşeron qadınları”, “Roma. Kafe Qreko", “Aqava”, “Monakoda görüş” kimi məşhur əsərlərinin müəllifidir Tahir Salahov.
SSRİ Rəssamlıq Akademiyasının gümüş medalını "Bəstəkar Qara Qarayevin portreti" əsərinə görə, Mirzə Fətəli Axundov adına Azərbaycan SSR -in mükafatını M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında qoyulan Şekspirin "Antoni və Kleopatra" tamaşasının tərtibatına görə, SSRİ Dövlət mükafatını "Təmirçilər", "Bəstəkar Qara Qarayevin portreti", "Xəzərdə" əsərlərinə görə, Azərbaycan SSR Dövlət mükafatını "Yeni dəniz" əsərinə görə qazanıb.
O, həmçinin SSRİ dönəmlərində M. B. Qrekov adına qızıl medala, Sofiya Triennalesində I mükafata, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına, Rusiya Beynəlxalq humanitar fondunun "MDB ulduz bürcləri" mükafatına, UNESCO-nun Pikasso medalına, Azərbaycan "Qızıl çinar" beynəlxalq mükafatına, Müstəqil Dövlətlər Birliyinin "Birlik Ulduzları" dövlətlərarası mükafatına, Türk mədəniyyətinin təbliğində xidmətlərinə görə "Vətən övladı" qızıl ordeninə, Rusiya Rusiya Federasiyasının Dövlət mükafatına, A. A. Plastov adına Beynəlxalq mükafata və daha neçə-neçə irili-xırdalı mükafatlara layiq görülüb.
Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülüb və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunub. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanıb. 2018-ci ildə "BBC Four" televiziya kanalında yayımlanan "Sənətsevər bələdçi" (ing. An Art Lovers' Guide) verilişinin aparıcısı Alister Suuk (ing. Alastair Sooke) Tahir Salahovu "Azərbaycanın ən dahi yaşayan rəssamı" adlandırıb.
2019-cu ildə İngiltərə modelyeri Lu Dalton (ing. Lou Dalton) Tahir Salahovun əsərlərindən ilhamlanaraq, FW19 kişi geyim kolleksiyasını yaradıb. 2021-ci ildə Rusiya Rəssamlıq Akademiyasında "Tahir Salahov medalı" təsis edilib.
Mükafatları:
- "Əməkdə fərqlənməyə görə" medalı
- SSRİ Azərbaycan SSR əməkdar incəsənət xadimi
- SSRİ Azərbaycan SSR xalq rəssamı
- SSRİ "Qırmızı Əmək Bayrağı" ordeni
- SSRİ SSRİ xalq rəssamı
- SSRİ "Oktyabr inqilabı" ordeni
- Bolqarıstan I dərəcəli Kirill və Mefodi ordeni
- SSRİ Xalqlar Dostluğu ordeni
- SSRİ Lenin ordeni
- SSRİ "Oraq və Çəkic" medalı
- SSRİ Sosialist Əməyi Qəhrəmanı
- Rusiya III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
- Azərbaycan "İstiqlal" ordeni
- Rusiya II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
- Gürcüstan "Şərəf" ordeni
- Azərbaycan "Heydər Əliyev" ordeni
- Fransa Ədəbiyyat və İncəsənət ordeni (Fransa)
- Rus Pravoslav Kilsəsinin Şöhrət və Şərəf ordeni
- Azərbaycan III dərəcəli "Şöhrət" ordeni (Azərbaycan)
- Fransa Fəxri Legion ordeni
- Fransa İncəsənət və Ədəbiyyat ordeni
- Rusiya "Dostluq" ordeni (Rusiya)
- Azərbaycan 1-ci dərəcəli "Əmək" ordeni
Boyakarlıq sənətinin ecazkar dili ilə ciddi ictimai mətləbləri yüksək səviyyədə ifadə etməyi bacarmaq Tahir Salahov sənətinin özünəməxsusluğunu müəyyən edir. Tahir Salahov təsviri sənətdə rəsm əsərləri vasitəsi ilə fikir, düşüncə, ideya, mövqe bildirmək missiyasını həyata keçirmənin qüdrətli yaradıcısıdır. Onun hər rəsm əsərinin sadəcə olaraq yaxşı, cəlbedici mövzusu və ya görüntüsü yox, bununla bərabər, daha çox öz mənası, fəlsəfəsi vardır.
Bu mənada Tahir Salahov mütəfəkkir rəssamdır. O, mütəfəkkir sənətkar olduğunu yalnız sənət haqqındakı elmi-nəzəri görüşləri ilə deyil, təsviri sənətin özü vasitəsilə, rənglərin dili ilə mənalandırdığı sərt və müdrik mesajlarla nümayiş etdirir. Sərt cizgilər, tünd rənglər Tahir Salahovun rəsm əsərlərinin əsas bədii ifadə vasitəsidir. Seçilmiş mövzuların və obyektin ciddiliyi ilə rənglərin sərtliyi Tahir Salahovun sənətində bir-birini üzvi surətdə tamamlayır.
Tahir Salahov dalğanı, qasırğanı, tufanı, vulkanı, təlatümü öz rəngində, bütün təbiiliyi ilə çəkməyi bacarmışdır. Adam onun bir-birindən fərqli mövzularda çəkilmiş əsərlərinə baxanda özünü sanki həmin əsərlərdə təsvir olunan mühitdə və ya aurada hiss edir. Ona görə də Tahir Salahovun çəkdiyi rəsm əsərləri kağızdan, kətandan qəlbə, düşüncəyə yol tapa, tamaşaçı mühitinə fəal təsir göstərə bilir.
Xalq rəssamı Tahir Salahovun sənəti əslində onun yaradıcılığında aparıcı olan aşağıdakı üç rəngin harmoniyası üzərində qurulmuşdur: qara, qırmızı və ağ. Doğrudur, Tahir Salahov digər rənglərdən yerli-yerində istifadə etməkdə də məharət göstərmişdir.
Lakin əsərlərindəki digər rəng effektləri onun sənəti üçün xarakterik olan qara, qırmızı və ağ rənglərin kölgəsində qalmış və bu əsas rənglərin “əlavəsi”, çaları kimi köməkçi rənglər funksiyasını daşımış, ayrı-ayrı əsərlərdə aparıcı rənglərin ifadə etdikləri mənaların daha aydın və cəlbedici şəkildə çatdırılmasına yardımçı olmuşlar.
Tahir Salahov sənətində qırmızı rəngin də özünəməxsus yeri və mənası vardır. Doğrudur, Tahir Salahovun əsərlərində digər rənglərlə, xüsusən ağ və qara rənglərlə müqayisədə qırmızı rəng nisbətən az istifadə edilmişdir. Halbuki tünd qırmızı rəng Tahir Salahovun sərt realizmi - tənqidi realizmi üçün daha münasib rəng hesab oluna bilərdi.
Ancaq Tahir Salahov rəsm əsərlərini tünd qırmızı rənglə boyamaqdansa, fikirlərini yerli-yerində, dozada, kiçik miqyasda işlətdiyi qırmızı rənglə ifadə etməyə üstünlük verir. Məsələn, onun “Neftçi” adlı rəsm əsərində (1959) bütün cizgiləri mazut rəngində olan Bakı neftçisinin yalnız müştüyünün qırmızı rəngdə olması əslində məcazi mənada sovet dövründə Azərbaycan neftinin sümürülüb aparılması mətləbini çox dolğun şəkildə ifadə edir. Lakin sovet incəsənətində isə neftçinin qırmızı müştüyü neft sənayesində çalışan qırmızı bolşevizmin əsas daşıyıcısı olmuş fəhlə sinfinin zəhmətinin nikbin bədii ifadəsi kimi başa düşülmüşdür
Dahi rəssam Tahir Salahov 21 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.05.2026)


