NailZeyniyev,
“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi
“Şəhəri insanlar yaradır” deyilir. Bu fikir doğrudur, amma tam deyil. Çünki şəhərin özü də insanı formalaşdırır. İnsan yaşadığı mühitə uyğunlaşır. Gördüyü binalar, keçdiyi küçələr, vaxt keçirdiyi meydanlar onun düşüncəsinə və davranışına təsir edir. Bu təsir gözə görünmür, amma hiss olunur.
Bakı gözəl şəhərdir, burda hamı xoşbəxtdi,
Bakı gözəl şəhərdir, burda hamı bədbəxtdi...
Bakı buna yaxşı nümunədir. Şəhərin müxtəlif hissələrində fərqli dövrlərin izləri var. İçərişəhərin dar küçələri, sovet dövrünün böyük və ağır binaları, son illərin şüşə və metal konstruksiyaları hamısı eyni məkandadır. Amma hər biri başqa bir düşüncə tərzini göstərir. Bu fərqlilik şəhərin daxilində müəyyən bir gərginlik yaradır.
Keçmişdə memarlıq təkcə estetik məsələ olmayıb. Xüsusilə sovet dövründə məkan insan davranışını yönləndirmək üçün qurulurdu. Geniş prospektlər, böyük meydanlar, eyni tipli binalar bunların hamısı müəyyən bir həyat formasını təşviq edirdi. Bu təsirin izi bu gün də qalır.
Şəhər mühitinin insan psixologiyasına təsiri də danılmazdır. Sıx, monoton və ya piyada üçün əlverişsiz məkanlar insanı yorur. Yaşıllığın az olduğu, betonun üstünlük təşkil etdiyi yerlərdə bu təsir daha güclü hiss olunur. İnsan bunu hər zaman fərq etmir, amma gündəlik halına təsir edir.
Buna görə şəhərin köhnə və yeni hissələri ilə bağlı mübahisələr yaranır. Biri tarixi, yaxınlığı, insan miqyasını üstün tutur. Digəri isə rahatlığı, müasirliyi və nizamı. Bu fərq sadəcə zövq fərqi deyil, həyat tərzi fərqidir. Memarlıq bu fərqi göstərir, eyni zamanda gücləndirir.
Tarixi məkanların itirilməsi yalnız görünüşün dəyişməsi deyil. O yerlərlə birlikdə bir yaşam forması da yox olur. İnsanların qurduğu münasibətlər, gündəlik vərdişlər, məkanla bağlı xatirələr də silinir. Bu, görünməyən, amma ciddi bir itkidir.
Bu gün şəhər planlamasında tez-tez ziddiyyətlər görünür. Bir tərəfdən qoruma, digər tərəfdən yeniləmə istəyi var. Bu iki istiqamət həmişə uzlaşmır. Çünki şəhərin necə olmalı olduğu barədə ortaq fikir yoxdur.
Memarlıq bu baxımdan sadəcə tikinti deyil. O, qərarların nəticəsidir. Hər bina müəyyən bir düşüncənin məhsuludur. Kim üçün tikilir, necə istifadə olunacaq, insan üçün nə qədər rahat olacaq bunların hamısı əvvəlcədən müəyyən edilir.
Şəhəri insanlar qurur, amma qurulan şəhər də insanı dəyişir. Bu iki proses bir-birinə bağlıdır və eyni anda baş verir. Hansının daha güclü olduğunu ayırmaq çətindir.
Və biz bilirik ki, yaxşı memarlıq insanı rahat və bütöv hiss etdirir. Ona uyğun mühit yaradır, yaşadığı yerə bağlılıq hissi verir. Əgər bir məkan bunu bacarırsa, o, şəhərin xarakterinə müsbət təsir edir. Bacarmırsa, sadəcə yer tutur.
“Ədəbiyyat və incəsənət”
(10.04.2026)


