İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Respublikası Prezidenti tərəfindən "Xalq rəssamı Baba Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən Bakının Zirə qəsəbəsində rəssamın adına küçə verilib, III Maqomayev döngəsi, 3 ünvanına xatirə lövhəsi vurulub. 2016-cı ilin iyunun 7-də Azərbaycan Milli İncəsənət Muzeyində Baba Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin açılışı olub.
Qədirbilən xalqımız da onu əsla unutmur...
Azərbaycan Respublikasının xalq rəssamı Baba Əliyev 22 mart 1915-ci ildə Zirə qəsəbəsində anadan olub. O, 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1941-ci ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. Baba Əliyev 1945-ci ildən Sov. İKP üzvü olub. Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləmiş, SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Rəssam 1946–1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib. Rəssamın yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir. Onun sənətə gəlişi Böyük Vətən Müharibəsi illərinə təsadüf edir və bu illərdəki yaradıcılığında cəbhə döyüşçülərinin bədii obrazları xüsusi yer tutur.
Baba Əliyevin "təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığı" (1947) əsəri, komissar Novruz Aslanovun və polkovnik S. Suprunun portretləri bu qəbildən hesab olunur. Onun "Sovet İttifaqı qəhrəmanı Suprun" portreti 1942-ci ildə Tbilisidə keçirilən "Böyük Vətən müharibəsi" sərgisində nümayiş etdirilib.
Müharibədən sonrakı illərdə Baba Əliyev digər rəssamlar kimi zəhmət adamlarının bədii ümumiləşdirilən obrazlarının təsvirinə başlayıb. O, 1951-ci ildə Əbdülxalıq və A. Zarubinlə birlikdə pambıqçıların əməyinə həsr olunan "Dövlətə pambıq təhvili" adlı böyük pannosunu işləyib. Həmin əsər 1951-ci ildə Ümumittifaq sərgisində nümayiş etdirilib.
Ümumittifaq sərgisində nümayiş etdirilib. Rəssam "Növbə qabağı" (1959), "Neftçilərin istirahəti" (1961), "Yeni qüvvə" (1963) kimi əsərlərində neftçilərin əməyinin xarakterini göstərməyə çalışıb. Baba Əliyev "Qız portreti" (1957), "kolxozçu F. Abdullayevanın portreti" (1962), "Tibb bacısı" (1983), "Cövdət Hacıyev" (1986) kimi bir sıra portretlərin, "Aylı gecə" (1962), "Şaftalılar" (1964), "Göygöldə axşam" (1978) və başqa peyzaj və natürmortların müəllifidir.
Onun "Bizim qonaqlar" (1967), "Şahdağ" (1969), "Ana ürəyi" (1973), "Səhər şəfəqləri" (1977), "Çay plantasiyası" (1978), "Maldarlıq" (1982), "Tərəvəz yığımı" (1983) əsərlərində əmək adamları, təbiət mənzərələri və məişət səhnələri lirik səpkidə təsvir edilib. Rəssam 1960-cı illərdə sərt üsluba üstünlük verib. Onun bu qəbildən olan əsərləri sırasına "Neftçilərin istirahəti" (1961) və "Tankçıların istirahəti" (1965) daxildir.
Mükafatları
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
Rəssam 27 mart 199-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.03.2026)


