İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bir rəssamın yetişməsində, yetkinləşməsində və püxtələşməsində onun doğulduğu məkan, təhsil aldığı mühit əsas faktordur və şübhə yox ki, bu amillər yaradıcı şəxsin həyatında mühüm rol oynayır. Qəyyur Yunus (Yunusov) Avropa yönümlü rəssamlıq təhsili alıb. Amma onun yaradıcılığının ana xətti və əsas qayəsi Şərq incəsənətindən, Azərbaycan incəsənətinin ayrılmaz qolu olan Qacar üslubundan qaynaqlanır.
Və rəssamın yaratdığı bədii sənət nümunələri bunu hər vəchlə özündə ehtiva edir. Təbii ki, bu, rəssamın bədii dünyagörüşündən və ömrü boyu apardığı bədii müşahidələri əsasında gəldiyi qənaətlərdən yaranıb. Rəssamın özü bu barədə deyir:
"Mənim bu istiqamətdə işləməyim Tbilisidə təhsil aldığım illərdə orada Qacarlar üslubunda yaradılmış sənət əsərləri ilə tanışlığımdan başladı və bunun mənim yaradıcılığıma böyük təsiri oldu".
Qəyyur Habil oğlu Yunusov 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olub. Xatırladaq ki, bu kənddən dahi rəssamımız Səttar Bəhlulzadə də çıxıb. Və Qəyyur Yunusov dahi rəssamla qohum olub.
O, hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə rəsmlər çəkdiklərini müşahidə edib. O, Səttar Bəhlulzadənin tələbəsi olub və sənətin müxtəlif üslublarını mənimsəyib. Qəyyur Yunus doğulduğu Əmircan kəndi haqqında deyib:
"Bu kənddə anadan olmuşam, ilk təhsilimi burada almışam, sonra da ömürlük bu kəndə bağlanmışam. Hara getmişəmsə, yenə də Əmircana qayıtmışam. Əmircan mənim üçün dünyanın ən doğma, ən əziz bir yeridir. Bütün bunların hamısı yaradıcılığımda əksini tapıb".
Orta məktəbi bitirdikdən sonra 1967–1971-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971–1977-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasının rəngkarlıq fakültələrində təhsil alıb. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqının və SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub.
Qəyyur Yunusun yaradıcılığında lirik, mənzərələr yer alsa da, rəssama daha çox qadın portretləri şöhrət gətirib. Onun dini-fəlsəfi baxışları, gözəlliyə sevgisi çəkdiyi rəngkarlıq əsərlərində müşahidə olunur. Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiyası qadın surətləri hesab olunur. Müəllif Azərbaycan qadını obrazının zəriflik və nəcibliyi ilə təsvir edilməsinin əsas səbəblərindən biri kimi isə – "Allah gözəldir və gözəlliyi sevir" prinsipi ilə əsaslandırır.
Yaratdığı zərif gözəllikli qadınlar obrazlarının çöhrələrində və sadə milli geyimlərində əks olunub. Müəllif təsvir etdiyi qadın obrazlarının məhz azərbaycanlı və müsəlman qadını olduqlarını xüsusilə vurğulayıb. Kətan üzərində yağlı boya texnikası ilə çəkilən nurani qadın portretlərinin arxa fonunda armud, balıq, quş, gül, epiqrafik yazılar və s. kimi müəyyən rəmzlərin istifadə olunur ki, bu da rəssamın öz şəxsi fantaziyasından və onların hər birinə verdiyi ayrı-ayrı simvolik anlamdan meydana gəlib.
Belə səciyyələrin içərisində ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunələri də mövcuddur. Həmin yazılar, əsasən "Allah", "Bismillahir-Rəhmanir-Rəhim", "Əlif", "Ləm", "Mim", "Haqq", "La İlahə İlləllah" kimi dini kəlmələrdir. Qəyyur Yunus öz əsərlərinə imzasını Azərbaycan və Kiril əlifbası ilə bərabər Ərəb əlifbası ilə də qoyub. Bu baxımdan, Qəyyur Yunusun hər əsərində onun müsəlman olması vurğulanıb və bu, qürurla tamaşaçıya çatdırılıb.
1972-ci ildən etibarən Qəyyur Yunusun Azərbaycanda və müxtəlif xarici ölkələrdə 11 fərdi sərgisi keçirilib. Onun işləri Almaniya, Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran, Rusiya kimi ölkələrdə həm dövlət, həm də şəxsi kolleksiyalarda saxlanılıb. 1988-ci ildən etibarən Bakıda, Londonda, Alma-Atada fərdi sərgiləri açılıb. 1990-cı ildə rejissor Teymur Bəkirzadə tərəfindən rəssamın yaradıcılığından bəhs edən "Qəyyur" filmi çəkilib.
Hazırda Qəyyur Yunusun çəkdiyi rəsm əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tbilisi Xalqlar Dostluğu Muzeyində, Pavlador İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, Moskva Şərq Xalqları İncəsənət Muzeyində, Fransa Loranjeri Qalereyasında, Nyu-Yorkda D. Rokfellerin şəxsi kolleksiyasında saxlanılır. Rəssamın sonuncu fərdi sərgisi Rusiyanın Moskva şəhərində Şərq Xalqları İncəsənəti Muzeyində keçirilib. Onun bu sərgisi isə "Gizli və görünən" devizi altında keçirilib.
Mükafatları
- "Humay" mükafatı
- "Azərbaycan Respublikasının əməkdar rəssamı"fəxri adı
- "Tərəqqi" medalı
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
Sənətşünas, AMEA-nın dissertantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev rəssam barədə belə yazır:
“Rəngkarlıq ustası olan Qəyyur Yunus gördüklərini bədii təxəyyülündən keçirməklə və islam incəsənətinin əsas xüsusiyyətlərini araşdırmaqla öz yaradcılıq manerasını zənginləşdirib və sonda yaradıcılıq dəst-xəttini, özünün bədii yaradıcılıq cığırını formalaşdırıb. Q.Yunusun əsərlərinə tamaşa edən zaman sanki adam ayrı bir aləmə düşür.
Sənətkarın sirli tablolarında rəssamın bədii təxəyyülündən süzülüb gələn obrazlar, nəsnələr, əsərin ümumi ab-havası tamaşaçını öz dünyasına çəkib aparır. Rəssamın tablolalarında elə bil dərin mistika var. Tamaşaçı sanki obrazların statik, dolğun, mənalı və müəmmalı nəzərləri qarşısında qeyri-ixtiyari olaraq fikirlərə dalır, düşüncələrə qərq olur.
Elə bil mənəvi cəhətdən saflaşır, durulur. Fikrimcə, bu, rəssamın elə əsl istəyinin, yaradıcılıq qüdrətinin nəticəsidir. Q.Yunus yaratmış olduğu obrazlar - əsasən də qadın obrazları timsalında ümumiləşmiş Azəbaycan qadınının saf, ülvi, məhrəm obrazını yaratmağı qarşısına məqsəd qoyub və öz istəyinə uğurla nail ola bilib.
Rəssamın yaratdığı kompozisiyalarda məkan tutqun tonlardadır. Bu, istər açıq, istərsə də qapalı məkanda işlənilmiş tablolarda olsun, eyni ilə belədir. Rəssamla Əmircanda yerləşən yaradıcılıq emalatxanasında görüşümüzdə onunla apardığımız sənət söhbətləri adama ayrı bir estetik zövq bəxş edir.
Qəyyur müəllimin minilliklərə söykənən İslam incəsənəti, mənəvi dini dəyərlərimiz, ölkəmizin zəngin incəsənət tarixi, rəssamlığın hazırkı durumu, rəssamın fərdi yaradıcılıq xüsusiyyətləri, onun rəssam kimi missiyası və gələcək planları baradə söhbətlərini dinlədikcə nə qədər kamil və zəngin bədii təxəyyülə, dünyagörüşə malik bir insanla, müdrik rəssamla qarşı-qarşıya qaldığını dərk edirsən.
Rəssamın yaradıcılıq nümunələri - təsvir edilən məkanlar və qəhrəmanlar ilk baxışda sadə, cəlbedici, ovsunlayıcı olmasına, tamaşaçıda xoş hisslər, duyğular yaratmasına baxmayaraq, birdən adam özü də bilmədən bu məkanda və qəhramanların içində - süjetin alt qatlarında gizlənmiş, minilliklərdən süzülüb gələn, dərin məna-məzmun yükünə malik hadisələrin axırına düşüb gedir, həmin aləmə qərq olur, tabloda kilidlənmiş ilahi gözəlliklə qovuşur.”
“Ədəbiyyat və incəsənət”
(26.03.2026)


