Anadan olanda ağlamaq əvəzinə gülən adam Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Deyirlər ki, mən anadan olanda ağlamaq əvəzinə gülmüşəm. Bundan təşvişə düşən valideynlərim xəstə olduğumu zənn edib həkim çağırıblar. O da mənə baxıb və deyib ki, gülüş sağlamlığın ilkin əlamətidir” – məşhur karikatura rəssamı Nəcəfqulu İsmayılovun sözləridir.

 

 “Əziz Nəcəfqulu! Bu böyük istedadlı, səmimi və könül oxşayan sərginlə səni təbrik edirəm. Köhnə və yeni Bakının doğma obrazları və insanları ilə Moskvada görüşməyimə çox şadam. Sənin gözəl və böyük sənətinə həmişə dərin məhəbbətlə yanaşıram” – Bu isə ötən əsrin 70-ci illərində Moskvada “Fitil” kinoteatrında Nəcəfqulunun sərgisinə baxan dünya şöhrətli rəssam Tahir Salahov təəssüratlarıdır.

 

Nəcəfqulu İsmayılov 15 mart 1923-cü ildə Bakı şəhərində anadan olub. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini davam etdirə bilməyib. Rəssam 1952–1979-cu illərdə "Kirpi" satirik jurnalında baş rəssam kimi çalışıb. Rəssam yaradıcılığı boyu qrafika ustası və rəngkar kimi fəaliyyət göstərib.

O, "Kirpi" satirik jurnalı üçün karikaturlar, şarjlar və başqa qrafik əsərlər yaradıb, rəsm və plakatlar işləyib, Cəlil Məmmədquluzadənin hekayələrinə, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə illüstrasiyalar çəkib. Nəcəfqulu İsmayılovun dəzgah rəngkarlığının portret, süjetli tablo və natürmort janrlarında bir sıra əsərləri vardır. Onun yaradıcılığında portret janrı əhəmiyyətli yerə malikdir.

Onun bu qəbildən olan əsərləri sırasına "Qubalı Fətəli xan" (1947), "General Həzi Aslanov" (1949), "Sara Aşurbəyli" (1951), "Şair Mirzə Əli Möcüz" (1954), "Yazıçı Abdulla Şaiq" (1955), "Ana" (1967), "Yazıçı Cəlil Məmmədquluzadə" (1967), "Şair Səməd Vurğun" (1967), "Akademik Mikayıl Useynov" (1972), "Səttar Bəhlulzadə" (1973), "Üzeyir Hacıbəyov" (1975), "Nəsirəddin Tusi" və digər portretlər daxildir.

Rəssamın süjetli tablo və mənzərə janrında yaratdığı əsərlərinə "Qrand-opera" (1960), "İçərişəhərdə küçə" (1960), "Səadət" (1970), "Realist rəssam" və başqaları daxildir. O, "Qayğıkeş ferma müdiri", "Əsl şərəf lövhəsi belə olar", "Axır ki dil tapdıq", "Sözsüz" və başqa karikaturlarında qarşılaşdığı neqativ hallara olan münasibətini əks etdirib. Rəssam 1958-ci ildə tarixi mövzuda olan "Nəsiminin edamı" əsərini yaradıb.

Nəcəfqulu İsmayılov "Kirpi" jurnalında çəkdiyi karikaturların sözlərini də yazıb. O, bir sıra mədəniyyət xadimlərinin portretlərini yaradıb, Tahir Salahov, Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal Qaryağdı, Bəşir Səfəroğlu və başqalarının dostluq şarjlarını işləyib. 1940-cı illərdən başlayaraq tarixi lövhələr, surətlər, habelə mədəniyyət xadimlərinin obrazlarını ilə respublika və Moskvada təşkil edilən rəssamlıq sərgilərində iştirak edib.

Bakıda, Moskvada, Leninqradda (indiki Sankt Peterburqda) fərdi sərgiləri açılıb və burada onun şəkillərindən ibarət bir neçə albom, kitablara çəkliyi illüstrasiyalar nümayiş etdirilib. İllər ərzində "Kirpi", "Krokodil" və başqa satirik jurnal səhifələrində onun yüzlərlə karikaturu dərc olunub. Rəssam 1970–1982-ci illərdə Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun misdən barelyeflərini də hazırlayıb.

Onun əsərləri Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər ölkələrin sərgi salonlarında nümayiş olunub. Rəssamın "Kirpi" jurnalı üçün çəkdiyi bir çox əsər 1970-ci illərdə Bolqarıstanın Qabrovo şəhərində gülüşlə bağlı keçirilmiş beynəlxalq yarışmada sərgilənib.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Əməkdə fərqlənməyə görə" medalı

 

O, 25 mart 1990-cı ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.