İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Onun əsərləri dəfələrlə dünyanın 50-dən çox ölkəsində — ABŞ-də, Kanadada, Meksikada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə, Fransada, Misirdə, Yuqoslaviyada, Hindistanda, Livanda, Bolqarıstanda, Monqolustanda, Macarıstanda, Rumıniyada, Polşada, Çexoslovakiyada, Kubada, Türkiyədə nümayiş olunmuş və müxtəlif diplomlara və fəxri fərmanlara layiq görülüb.
Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır…
Xalq rəssamı Nadir Qasımov 1928-ci il may ayının 22-də Bakıda anadan olub. 1941–1946-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 1947–1953-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında (İohansonun emalatxanasında) təhsilini davam etdirib. 1953–1954-cü illərin beynəlxalq və respublika sərgilərində portret və mənzərə əsərləri uğurla nümayiş etdirilib.
Onların sırasında SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin portretlərini göstərmək olar. Rəssamın yaradıcılığında romantiklik ən çox bu səpkidən olan əsərlərdə duyulur. Bu növ rəngkarlıq nümunələrinə "Xəzərdə külək" (1991), "Dəniz coşur" (1975), "Xəzərin günəşi və küləyi" (1990), "Buludlu gün" (1991), "Dəniz və qayalar", "Xəzər dənizi" (1990) kimi əsərlərin adlarını çəkmək olar.
"1990-cı ildə Xəzər üzərində" adlı mənzərə əsərində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi əks etdirilib. Bu əsər rəssamın mənzərə vasitəsilə xalqının faciəsini obrazlı şəkildə göstərmək istedadını üzə çıxarıb. Rəssamın sevimli mövzusu təkcə Xəzər olmayıb. Tez-tez Azərbaycanın kənd və rayonlarında yaradıcılıq səfərlərində olan rəssam təbiətlə yanaşı sadə əmək adamlarına, qadınların zəhmətinə qiymət verib, onlardan ilham alıb.
Elə bunun nəticəsində 1960-cı illərdə onun "Pambıq dağında", "Çəltik sahəsində", "Analar", "Lənkəran bazarı", "Rəfiqələr", "Yüksək dağlar", "Lalələr", "Bizim torpaq" tabloları meydana çıxıb. 1961-ci ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunan ilk fərdi sərgisində rəssamın qədim və müasir Çinə həsr etdiyi 50-yə yaxın mənzərə və portret işi nümayiş etdirilib.
Nadir Qasımov 1958–1969-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü, 1967–1969-cu illərdə Bakı Şəhər Sovetinin üç çağırış üzrə deputatı seçilib.
Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi davam edən yarım əsrdən çox bir dövrü əhatə edib. 1970–2000-ci illərdə İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, Boyakarlıq kafedrasının professoru olub.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
Nadir Qasımov 2000-ci il mart ayının 10-da vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


